image-qanunla-reklam
image-1772522798_4c45c6f959cbf91c69af29d14ec1f632

Azərbaycanın Avropanın enerji bazarında artan rolu və strateji perspektivləri

image-lady-day-az

Azərbaycanın Avropanın enerji bazarında artan rolu və strateji perspektivləri

Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməkdədir. Ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək istiqamətində atdığı addımlar ardıcıl və strateji xarakter daşıyır. Artıq Azərbaycan Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriya – təbii qaz tədarükünə başlayıb. Hazırda isə Avropa İttifaqı-nın 10 üzv dövləti Azərbaycandan qaz alır ki, bu da ölkəmizin etibarlı enerji təchizatçısı kimi rolunun artdığını göstərir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdir ki, qarşıdakı illərdə Azərbaycanın yataqlarında yeni qaz hasilatı hesabına istehsal həcmlərini artırmaq üçün geniş imkanlar mövcuddur. Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdə fəaliyyət göstərir. Mövcud bazar tələbatı və qlobal enerji bazarındakı dəyişikliklər nəzərə alınaraq, artan tələbatın qarşılanması məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanları araşdırılır. Əsas məqsəd ixrac potensialını maksimum səviyyəyə çatdırmaqdır.

Dövlət başçısı vurğulamışdır ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanması gözlənilir. Yaxın iki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə start veriləcək ki, bu da həmin yataqdan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə də qaz hasilatına başlanması planlaşdırılır. 2028-ci ildə isə “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilatın başlanacağı gözlənilir. Ümumilikdə, hasilat profilləri maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qaz əldə etməyə imkan verəcəkdir.

Bu artımı təmin etmək üçün yeni bazarların müəyyənləşdirilməsi, mövcud boru kəməri sisteminin genişləndirilməsi və qazpaylama şəbəkəsinin daha da şaxələndirilməsi vacibdir. Azərbaycanın strateji yanaşması yalnız hasilatın artırılmasına deyil, həm də ixrac marşrutlarının və enerji infrastrukturunun təkmilləşdirilməsinə yönəlib. Eyni zamanda, müzakirə olunan məsələlərin mühüm bir hissəsi yaşıl enerji gündəliyi ilə bağlıdır. Cari ilin yanvar ayında regionda indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının açılışı həyata keçirilmişdir. Layihə ACWA Power tərəfindən maliyyələşdirilmiş və icra olunmuşdur. Bundan əlavə, 2023-cü ildə Masdar şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edilmişdir. Hazırda bir sıra layihələr icra mərhələsindədir və gələcək illərdə alternativ enerji mənbələrinə əsaslanan yeni elektrik stansiyalarının istismara verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, artıq mövcud olan ötürücü xətlərlə yanaşı, yeni enerji xətlərinin çəkilməsi də planlaşdırılır. Xüsusilə, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələcək enerji kabeli layihələri üzərində birgə fəaliyyətin gücləndirilməsi vacibdir. Azərbaycan həm ənənəvi enerji resursları, həm də bərpa olunan enerji sahəsində strateji və uzunmüddətli hədəflərə əsaslanan siyasət həyata keçirir. Ölkəmizin məqsədi yalnız enerji ixracını artırmaq deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə vermək və regionun enerji xəritəsində aparıcı mövqeyini daha da möhkəmləndirməkdir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki