image-qanunla-reklam
image-495504893_1241454864000956_1755925089470006444_n

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

image-lady-day-az

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.

 Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq davam edən dostluq münasibətləri bugünkü yüksək səviyyəli strateji əməkdaşlığın əsasını təşkil edir. Bu iki ölkə arasında formalaşan münasibətlər təkcə siyasi və iqtisadi maraqlarla deyil, həm də ortaq tarix və qarşılıqlı hörmətə əsaslanan dərin mənəvi bağlarla da möhkəmlənmişdir. Ölkələrin bir-birinə olan münasibəti yalnız diplomatik çərçivələrlə məhdudlaşmır, tarixin sınağından çıxmış səmimi əməkdaşlıq və qarşılıqlı etimad mühitində inkişaf etməkdədir.

Tarixə nəzər saldıqda, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin SSRİ-yə, o cümlədən Azərbaycana etdiyi səfər bu münasibətlərin başlanğıc nöqtəsi olmuşdur. Bu səfər yalnız protokol xarakterli bir görüş deyil, həm də gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradan mühüm hadisə idi. Həmin dövrdə Vyetnam xalqı müstəqillik və azadlıq uğrunda mübarizə aparırdı və Azərbaycanın bu mübarizədə göstərdiyi mənəvi dəstək Vyetnam tərəfi tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Daha sonra, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər iki ölkə arasında münasibətlərin möhkəmlənməsi baxımından mühüm mərhələ oldu. Ulu Öndər Heydər Əliyev həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə tutmasına baxmayaraq, Azərbaycanla Vyetnam arasında münasibətlərin inkişafına xüsusi önəm verirdi. Onun səfəri zamanı aparılan danışıqlar, tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi bu gün də aktual olan tərəfdaşlıq modelinin formalaşmasına imkan yaratdı.

Bugün isə Prezident cənab İlham Əliyev bu tarixi irsi davam etdirərək Azərbaycan–Vyetnam əlaqələrinə yeni nəfəs verir. Onun 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə atılan ardıcıl addımların bariz nümunəsidir. Prezident cənab İlham Əliyev müsahibəsində bu münasibətlərin zəngin tarixinə diqqət çəkərək, onları strateji əməkdaşlıq səviyyəsinə yüksəltmək üçün atılan addımları dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti olaraq İlham Əliyev regionda və beynəlxalq aləmdə sülhün, əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin qurulmasına böyük önəm verir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da güclü tərəfdaş kimi tanınır.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bir çox ölkələrlə, o cümlədən Asiya dövlətləri ilə münasibətlərini daha da möhkəmləndirmiş, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirmişdir. O, tarixi yaddaşın qorunub saxlanmasına, xalq diplomatiyasının güclənməsinə və beynəlxalq əlaqələrin dayanıqlı əsaslar üzərində qurulmasına daim önəm verir. Prezidentin ardıcıl səyləri nəticəsində Azərbaycan dünya siyasi arenasında söz sahibinə çevrilmiş, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulmuş əlaqələri ilə nümunə göstərilən ölkələrdən biri olmuşdur.

Azərbaycan-Vyetnam münasibətləri də bu uğurlu siyasətin tərkib hissəsidir. İkitərəfli səviyyədə davam edən iqtisadi-ticarət əlaqələri, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və birgə layihələrdə iştirak, bu münasibətlərin gələcək inkişaf potensialını bir daha təsdiqləyir.

Əminliklə demək olar ki, bu gün əsası ötən əsrdə qoyulmuş Azərbaycan-Vyetnam dostluğu Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və diplomatik çevikliyi sayəsində yeni mərhələyə qədəm qoyur. Ölkələrimiz arasında bu cür sabit və inamlı münasibətlərin mövcudluğu, regionda və dünyada sabitliyin, qarşılıqlı anlaşmanın və inkişafın mühüm rəmzi kimi çıxış edir. Gələcəyə nikbin baxışla demək olar ki, Azərbaycan-Vyetnam əməkdaşlığı qarşıdakı illərdə daha da möhkəmlənəcək, xalqlarımızın rifahına və ümumi beynəlxalq sülhə xidmət edəcək.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki