Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident cənab İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” – deyə Prezident cənabİlham Əliyev çıxışında bildirib.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi.
Prezident cənab İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova