Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkənin enerji potensialını 240 MVt yüksəltdi. Azərbaycanın bərpaolunan enerji siyasətinin əsasında Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi dayanır. 5 Milli Prioritetdən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti qarşıya yeni hədəflər qoyur. Bu sənəd ölkənin “yaşıl enerji” sahəsində uzunmüddətli inkişaf yolunu müəyyən edir və enerji sektorunda aparılan islahatlara aydın istiqamət verir. Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətini yeni tələblərə uyğun şəkildə qurur. Ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və dayanıqlı iqtisadi artım bu yanaşmanın əsas dayaqları sırasında yer alır. Azərbaycan bərpaolunan enerji ehtiyatları baxımından geniş imkanlara malik ölkə kimi tanınır. Aparılan araşdırmalar göstərir ki, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bu göstəricilər region üçün ciddi enerji potensialı deməkdir. Bu imkanlar enerji təhlükəsizliyinin möhkəmlənməsinə, ixrac imkanlarının genişlənməsinə və daxili tələbatın daha səmərəli ödənilməsinə şərait yaradır. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin artması ətraf mühitə yükün azalmasına mühüm təsir göstərir. Azərbaycanın “yaşıl enerji” gündəliyi bu baxımdan həm iqtisadi, həm də ekoloji məqsədlərə xidmət edir. Son illərdə bu sahədə beynəlxalq əməkdaşlıq da genişlənir. Aparıcı xarici şirkətlər ölkəmizin enerji bazarına maraq göstərir və iri layihələrə sərmayə yatırır.
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi, Prezident İlham Əliyevin tədbirdə çıxışı bir daha qarşıya qoyulan hədəflərə doğru əmin addımlar atıldığını göstərir. Dövlət başçısı bildirib ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir: “Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir”. Bu stansiya Azərbaycanın “yaşıl enerji” xəritəsində mühüm yer tutur. Bu stansiya sayəsində ənənəvi enerji mənbələrinə düşən yük azalacaq. Atmosferə atılan zərərli tullantıların həcmi də aşağı düşəcək.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc























