Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti.
Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.
İşğalçı Ermənistanla Azərbaycan arasında növbəti münaqişə SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları ilə başlamışdır. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
1991-ci ildə və 1992-ci ilin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladı. Münaqişənin aktiv hərbi mərhələsi 1994-cü ilin mayında atəşkəs əldə olunana qədər davam etdi. O vaxta qədər Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi (iyirmi faizi), o cümlədən Qarabağ, ona bitişik yeddi rayon terroru, cinayətkarlığı, oğurluğu məqbul hesab edən Ermənistan tərəfindən işğal olundu. Təcavüz zamanı Ermənistan silahlı qüvvələri on minlərlə insanın ölümünə səbəb olan hərbi cinayətlər, insanlıq əleyhinə görülməyən soyqırımı törətdilər, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləri dağıdılıb talan edildi.
Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyub. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də bütün dünyaya çılpaqlığı ilə aydın oldu. Əlbəttə ki, belə miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.
BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Bir daha yada salaq ki, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər.
Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Nəticədə Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə nəinki döyüş meydanında, eyni zamanda, informasiya müharibəsində düşmənlərə, Ermənistana havadarlıq etmək niyyəti ilə qərəzli fikir bildirənlərə qalib gəldi. Ölkə rəhbərliyi tərəfindən istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xüsusən effektiv xarici siyasət davam etdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə törədilmiş erməni vandalizmini bütün dünyaya göstərmək üçün silsilə tədbirlərin keçiriləcəyini çıxışlarında dəfələrlə dilə gətirib. Müzəffər Ali Baş Komandan Kəlbəcər rayonuna səfəri zamanı bildirdi ki, erməni vandallarının törətdikləri göz qabağındadır: “Amma onların himayədarları bunu görmək istəmirlər. Amma bunu görməlidirlər və görəcəklər. Bunu onlara göstərəcəyik.”
Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində də erməni faşizminin əməllərinə diqqət çəkərək bu məqamı vurğulamışdı: “Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq”.
Xatırladaq ki, Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 inzibati rayonun Ermənistanın işğalına məruz qalması nəticəsində mədəniyyət abidələrimiz yerlə-yeksan edilib. Statistikaya əsasən, işğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.
Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, dəymiş hər bir ziyan hesablanır: «Azad edilmiş bütün torpaqlarda, şəhərlərdə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik”.
Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı