Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər
Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, cəmiyyətimizin inkişafında aparıcı qüvvələrdən biri olmuşdur. Onun fəaliyyəti yalnız ailə mühitində deyil, dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və ictimai həyatın bütün sahələrində özünü göstərmişdir. Bu baxımdan Azərbaycan qadınının xüsusilə təhsil sahəsindəki rolu və sosial fəallığı ölkənin inkişaf tarixində mühüm yer tutur. Qadınların maariflənməsi və cəmiyyət həyatında fəal iştirakı milli tərəqqinin əsas şərtlərindən biri kimi qiymətləndirilir. Bu gün Azərbaycan qadını həm ana, həm müəllim, həm ziyalı, həm də fəal vətəndaş kimi cəmiyyətin inkişafına böyük töhfələr verir. Müasir dövrdə də Azərbaycan qadınlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə qadın siyasətinin möhkəm hüquqi və institusional əsasları yaradılmış, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar təmin edilmişdir. Bu siyasət nəticəsində qadınların dövlət idarəçiliyində, elm və təhsildə, sosial və iqtisadi sahələrdə rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların sosial fəallığının artırılması istiqamətində ardıcıl şəkildə davam etdirilir.
Təhsil sahəsi Azərbaycan qadınlarının özlərini ən parlaq şəkildə göstərdikləri istiqamətlərdən biridir. Bu gün ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. Onlar yalnız bilik verən pedaqoq kimi deyil, həm də gənc nəslin formalaşmasında mühüm rol oynayan tərbiyəçi və mənəvi dəyərlərin daşıyıcısı kimi fəaliyyət göstərirlər. Qadın müəllimlərin zəhməti nəticəsində cəmiyyətimizə savadlı, vətənpərvər və məsuliyyətli gənclər yetişir. Təhsil sahəsində çalışan qadınlar ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayaraq gələcək nəsillərin inkişafına töhfə verirlər. Azərbaycan qadını yalnız təhsil sahəsində deyil, ictimai həyatın bütün istiqamətlərində fəal mövqe nümayiş etdirir. Onlar dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında, elmi müəssisələrdə, biznes və sahibkarlıq sahələrində uğurla fəaliyyət göstərirlər. Statistik göstəricilər də bunu təsdiq edir: ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlar əmək bazarında, dövlət qulluğunda və ictimai həyatın digər sahələrində mühüm paya malikdirlər. Bu isə qadınların cəmiyyət həyatında artan rolunun və onların sosial fəallığının göstəricisidir. Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe onun zəhmətinin, fədakarlığının və müdrikliyinin nəticəsidir.
Dərya Əhmədova
Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru





















