image-qanunla-reklam
image-110-1

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib

image-lady-day-az

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib.

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib. Bu Qələbənin əldə olunmasında çox böyük payı olan xalqımız özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda cəsarətlə döyüşüblər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstəriblər. Faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərib. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşyıb. Ulu Öndərimizin bu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.

Zərdab rayonu Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Gülbəniz Əhmədova

 

 

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur.

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmiş, minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getmişdilər.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdı. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər.

Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda qalmışdır. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir.

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev İkinci Dünya Müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Belə ki, Qələbə bayramı ərəfəsində Prezident cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.

Zərdab rayonu Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Leyla Əliyeva

 

 

Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi.

9 May bəşəriyyətinin Faşizm üzərində qələbəsi Günündən 78 il keçir. Həmin dövrdə Keçmiş Sovetlər İttifaqının bir parçası olan Vətənimizin bu şanlı qələbənin əldə olunmasında misilsiz rolu olmuşdur. Faşist Almaniyasının Sovetlər İttifaqına qarşı elan olunmamış bu qanlı müharibəsi dövründə 600 mindən artıq soydaşımız döyüşən cəbhələrə yola düşdü, onların yarıdan çoxu bu amanısız müharibədə həlak oldu , 42 azərbaycanlı o dövr üçün ən yüksək ada –Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həmin qəhrəmanların bir çoxu – 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Gəray Əsədovun, İsrafil Məmmədovun, Ziya Bünyadovun, Aslan Vəzirovun, Məlik Məhərrəmovun, Ağaşirin Cəfərovun, Əlif Piriyevin … döyüş şücaəti qədirbilən xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Bu gün həmin qəhrəmanlardan biri –keçmiş Yuqoslaviyada partizan hərəkatının öncüllərindən biri Azərbaycan xalqının ölməz oğlu Mehdi Hüseynzadədir. Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış igid həmyerlimizdir.

İkinci Dünya müharibəsinin həlledici məqamlarından hesab olunan Qərbi Avropanın antifaşist müqavimət hərəkatında “Mixaylo” kimi tanınan qeyri-adi döyüş bacarığı nümayiş etdirən cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin adı doğma Vətəni Azərbaycandan çox-çox uzaqlardakı ölkələri dolaşdı. O, Avstriyanın, Fransanın, İtaliyanın, Yuqoslaviyanın göylərində sönməyən əbədi parlaq ulduza döndü. Mehdinin doğulduğu Bakı şəhəri uğrunda döyüşdüyü bu ölkələrdə faşist Adolf Hitlerin göz dikdiyi neft Bakısı kimi tanınırdı. Qəhrəman Mehdi Vətənin hüdudlarından kənarda çex, slovak, polyak, yuqoslav, fransız, italyan partizan yoldaşlarına doğma Azərbaycandan, canı qədər sevdiyi Bakıdan və mavi Xəzərdən danışar, müharibə qurtardıqdan sonra birlikdə Bakıya getməyi arzulayardı, Adriatik dənizinin Xəzər dənizinə çox bənzədiyini deyərdi.

1941-ci ilin iyunun 22-də Faşist Almaniyası heç bir xəbardarlıq etmədən xaincəsinə Sovet İttifaqına hücum etdi Milyonlarla gənc kimi, III kurs tələbəsi, gələcəyə böyük inamla baxan Mehdi də könüllü olaraq cəbhəyə yola düşdü.

1942-ci ilin yayında qvardiya leytenantı kimi Stalinqrad cəbhəsində ilk döyüşlərə qatılan Mehdi Kalaç rayonu istiqamətində ağır yaralanaraq almanlar tərəfindən əsir götürülür. Əsir götürülən ilk anlardan etibarən nəyin bahasına olursa-olsun əsirlikdən qurtulmaq barədə düşünən Mehdi, öz arzusunu reallaşdırıb Ukrayna və Polşa ərazisindəki həbs düşərgəsindən qaça bilsə də, bir müddətdən sonra yenə də faşistlərin əlinə keçir. Olduqca cəld, çevik, qorxmazlıq kimi keyfiyyətlərə malik Mehdi İtalyan-Yuqoslav Partizan dəstəsinə qoşulur. Cəsur döyüşçü “Mixaylo” öz dərin ağlı, təmkini və əsl kəşfiyyatçı məharəti ilə bütün gərgin situasiyalardan çıxmağı bacarır, faşistləri ağır məhrumiyyətlərə düçar edirdi. Onu bəzən rəssam, bəzən yoxsul görkəmdə, bəzən də mətbəə fəhləsi geyimində görən yerli əhali Mixaylonu əsl qəhrəman kimi sevir, onunla fəxr edirdilər. Alman komandanlığı tərəfindən onun başına 300 min marka mükafat qoyulmuşdu. Bu “səxavət” təsadüfi deyildi, çünki, onun partlatdığı qatarlar, tankerlər, elektrik stansiyaları, kazarmalar faşistlərə 100 və 1000 qat bahasına başa gəlirdi. Onun misilsiz kəşfiyyat fəaliyyəti nəticəsində əksəriyyəti yüksək rütbəli zabit olmaqla 1000-ə qədər faşist məhv edilib.

Növbəti tapşırığı uğurla icra edib qayıdarkən bu qədirbilən eloğlumuz düşmənlə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə o qəhrəmanlıqla həlak olur. Cəsur eloğlumuzu onun partizan dostları Yuqoslaviya ərazisində – Çepovani kəndində müsəlman qayda-qanunu ilə ehtiramla dəfn edirlər. 1957-ci ildə ona ən yüksək fəxri ad-Sovet İttifaqı Qəhrəmanı adı verilir. Onun haqqında xeyli şeir, poema, povest və romanlar yazılıb. Haqqında bir çox bədii və sənədli filmlər çəkilib.

Atalarımız gözəl deyib: “İgid ölər, adı qalar”.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  Vəfa Bayramova

 

Qəhrəman Azərbaycan övladları

9 may – Faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.

170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.

Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.

İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik  tərbiyəsində mühüm amilə çevrilib. Ona görə də hər il 9 may – Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməz və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.

Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”. Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ulu Öndər faşizm üzərindəki qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu bildirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.

Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını Prezident cənab İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident cənab İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdi: “İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

Əvəzsiz töhfə.

Bir neçə gün sonra 9 May faşizm üzərində Qələbə günüdür. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.

Artıq 78 ildir ki, 9 may – faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Xatırladaq ki, müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər.

Bu günlərdə Qələbənin 78 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Azərbaycanın xalq təsərrüfatının fədakarlığı

9 may İkinci dünya müharibəsində faşizm üzərində Qələbə günüdür. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük rolu olub. Azərbaycan xalqı qələbə üçün minlərlə oğul və qızlarını cəbhəyə yola salmışdı. Təbii ki, hər Qələbənin ardında zəhmət, güclü iradə və göz yaşları və itkilər dayanır. Bu qələbənin də qazanmasında Azərbaycan xalqının döyüşlərdə iştirak edən oğul qızlarının yarısından çoxu həlak olmuşdur.

Xalqımın nümayəndələrinin ön cəbhədə vuruşmaqla bərabər arxa cəbhədə də misilsiz əməkləri olub. Bu böyük Qələbəyə xüsusən Bakının neftinin rolu əvəzsizdir. Müharibə zamanı sovet texnikalarının hərəkətə gətirilməsi üçün istifadə olunan neftin 85-90 faizini Azərbaycan nefti təşkil edirdi. Və təbii ki, Azərbaycan nefti olmasaydı sovet – faşizm müharibəsinin necə nəticələnəcəyini təsəvvür belə etmək çətindir.

Bu dövrlərdə bütün ölkə xalqı 12 saatlıq iş rejiminə keçərək çalışmış, cəbhədə vuruşan əsgərlərin hər birini şinel, dəst geyimlər, çəkmə, silah və xüsusi sursat çantaları, trikotajla təmin etmiş, orduya minlərlə yük, minik və digər növ avtomobillər verilmişdir.

Bu qələbə Azərbaycan xalqının tarixində qürurlandığı, fəxr hissi keçirdiyi və hər il ölkənin bütün şəhər və rayonlarında təntənəli surətdə bayram etdiyi bir tarixi andır. Ulu Öndər Heydər Əliyev kimi cənab Prezidentimiz İlham Əliyev də müharibə veteranlarına diqqət və qayğısını daim göstərir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki