Azərbaycan-Vyetnam əlaqələri yeni deyil
Hələ Azərbaycan sovetlərin işğalı altında olanda belə bu ölkə ilə Azərbaycan SSR arasında mədəni, elmi sahədə əlaqələr var idi.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Bakıya səfəri də ötən illərin əlaqələrinin məntiqi davamı sayıla bilər. Ötən gün Prezident İlham Əliyevlə To Lamın başçılıq etdiyi nümayəndə heyəti qarasında geniş tərkibdə görüşü keçirilib.
Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb. Həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, mərhum Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
1959-cu il iyulun 23-də prezident Ho Şi Min Azərbaycanın (o zaman Sovet İttifaqının tərkibində olan) paytaxtı Bakıya səfər edib. Hanoyda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyi ilə birgə 2019-cu il iyulun 23-də ölkə paytaxtı Hanoyda bu səfərin 60 illiyinə həsr olunan tədbir keçirilmişdi. Tədbirdə Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, rəsmi şəxslər, Azərbaycanda təhsil almış və işləmiş tələbələr iştirak etmişdilər.
Onda Ho dayı (Vyetnamda hörmət olaraq belə deyilər) Azərbaycanda neft-qaz sənayesinin lider və mühəndislərinə deyib: “Vyetnamın dənizi var. Ona görə də bizim mütləq neftimiz olacaq. Ancaq biz müharibə vəziyyətindəyik və bunu edə bilmədik. Ümid edirəm və inanıram ki, Vyetnam müqavimət müharibəsində qalib gəldikdən sonra siz, yoldaşlar, bizə neft tapmaqda, sonra neftin hasilatı və emalında kömək edəcəksiniz, həmçinin Bakı kimi neft-qaz sənaye zonası quracaqsınız”.
Ho dayının arzusu çin oldu. Ötən illər ərzində Azərbaycan Respublikasının universitetləri Vyetnam üçün minlərlə mühəndis, həkim və alim hazırlayıb. Təkcə Azərbaycan Neft və Kimya Universiteti, indiki Azərbaycan Neft və Sənaye Universiteti, son 50 il ərzində (1967-2017) 500-dən çox vyetnamlı vətəndaşı ali təhsilli mütəxəssis kimi hazırlayıb.
1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılıb. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, şirkətin geologiya bölməsinin ilk rəhbəri Müslüm Vəliyev olub.
“Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra Sovet İttifaqı Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1983-cü ildə Vyetnama rəsmi səfər edib. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkmişdi. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil olunur.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin səfərindən sonra minlərlə azərbaycanlı mütəxəssis Vyetnamın müharibədən sonrakı infrastrukturunun bərpasına, xüsusilə neft sənayesinə kömək etmək üçün ora göndərilib. Ümumilikdə 5000-dən çox vyetnamlı tələbə və aspirant da Azərbaycanın təhsil müəssisələrində təhsil almaq, burada işləmək üçün göndərilib. Onlar bu ölkənin quruculuğuna və inkişafına mühüm töhfə veriblər.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan müasir Vyetnamın mədəni həyatında rol oynayıb
1983-cü ilə qədər Heydər Əliyev həmçinin Vyetnam Kommunist Partiyasının ovaxtkı Baş katibi Le Zuanla görüşmək imkanı əldə edib. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayında iştirak etmək münasibətilə Le Zuan Azərbaycana səfər edib. O zaman mərhum Prezident Azərbaycan SSR-in KP MK-nın birinci katibi idi.
Vyetnama bu səfərin 40 illiyi ərəfəsində Hanoyda mərhum Prezidentin Azərbaycanla Vyetnam arasında dostluq quruculuğu missiyasına töhfəsinə həsr olunmuş seminar keçirilib.İki respublika arasında əlaqələr ABŞ ilə müharibəndən sonra da davam edib.
Azərbaycan SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnama azadlıq müharibəsində və birləşmə prosesində göstərdiyi dəstək xalq tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan müasir Vyetnamın mədəni həyatında rol oynayıb. Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Onun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri çəkilib.
1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub.
Vyetnam xalqı milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizədən də keçib.
1858-ci ildə Vyetnam hökumətinin azad ticarət tələblərini qəbul etməkdən imtina etməsi bəhanəsi ilə Fransanın ölkəyə müdaxiləsi başlayıb. 1862-ci ildə ələ keçirilmiş üç şərq əyalətindən Fransız Koçinçina koloniyası yaradılmışdı.
Bununla da XIX əsrin ikinci yarısından Vyetnam Fransanın müstəmləkə asılılığına düşdü. Ölkə süni şəkildə üç hissəyə bölündü — Koçinçina koloniyası (Cənubi Vyetnam), Annam (Mərkəzi Vyetnam) və Tonkin (Şimali Vyetnam) protektoratları. Vyetnam Laos və Kamboca ilə birlikdə Fransız Hindçininin tərkibinə daxil oldu.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc