Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə də bu reallıqlar bir daha diqqətə çatdırıldı. Ölkələrimiz arasında münasibətlərin başlanğıcını tarixin dərinliklərindən götürdüyünü qeyd edən Qurbanqulu Berdiməhəmmədov onu da bildirdi ki, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimiz məhz bu təməl üzərində inkişaf edir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürülür. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, türkmən və Azərbaycan xalqları sözün əsl mənasında qardaşdılar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Hər iki ölkə müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Tez-tez reallaşan səfərlər bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan – qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.
Səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri məhz Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Prezident İlham Əliyev çıxışında həm Azərbaycan-Türkmənistan, həm də Azərbaycan-Özbəkistan əlaqələrinin dünəninə, bu gününə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri geniş müzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.
Əməkdaşlıq əlaqlərinin inkişafında enerji amili əhəmiyyətli rol oynayır. Hər üç ölkənin energetika sahəsində mövcud imkanları əlməkdaşlığı şərtləndirir. Azərbaycanın Türkmənistanla ənənəvi energetika əməkdaşlığı var. 2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirir. Bu yataq iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb, qardaşlaşdırıb. İki enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir. Ölkəmiz Özbəkistanla da bu sahəyə artıq qədəm qoyub. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalayıb. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, yaxın bir-iki il ərzində gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini hamımız səbirsizliklə gözləyirik.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini