Azərbaycan və Qazaxıstan arasında münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluğu, siyasi iradəsi və mütəmadi təmasları əsas həlledici amillərdəndir
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün qardaşlıq, etimad və dərin strateji tərəfdaşlıq əsasında inkişaf edir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu münasibətlərin çoxşaxəli xarakterini, iki ölkə arasında formalaşmış etibarlı əməkdaşlıq modelini bir daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı hörmətə və bir-birinin suverenliyinə sadiqlik üzərində qurulmuş əlaqələr bu gün Türk dünyasında ən sabit və nümunəvi müttəfiqlik formatlarından biri hesab oluna bilər.”
Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı dostluğun təməlində ortaq türk kimliyi, oxşar mədəni və mənəvi dəyərlər dayanır. Son illərdə bu mənəvi yaxınlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış və bu il 20 illiyi qeyd edilən “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” hər iki dövlətin siyasi əlaqələrinin hüquqi bazasını formalaşdırmaqla yanaşı, onların qarşılıqlı maraqlara söykənən yeni inteqrasiya mərhələsinə keçidini təmin edib.
Bu gün iki ölkə arasında qurulan Ali Dövlətlərarası Şura münasibətlərin institusional səviyyədə dərinləşdirilməsinə xidmət edir. İlk iclasın Bakıda, ikinci iclasın isə Astanada keçirilməsi diplomatik dialoqun dinamikliyindən xəbər verir. Bu Şura dövlət başçıları səviyyəsində qərarların operativ razılaşdırılmasına, iqtisadi və siyasi gündəlikdə duran məsələlərin çevik həllinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu mexanizm qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək və iki ölkə əlaqələrini yeni mərhələyə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır.”
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli formatda deyil, həm də çoxtərəfli çərçivələrdə – xüsusən BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi beynəlxalq platformalarda da bir-birini dəstəkləyir. Bu dəstək, xüsusən Türk Dövlətləri Təşkilatı daxilində, yeni bir siyasi və mənəvi güc mərkəzinin formalaşmasına şərait yaradır. 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu təşkilat bu gün türk xalqlarının inteqrasiyasının aparıcı platformasına çevrilib. Şuşa və Qəbələdə keçirilmiş Zirvə görüşləri Türk birliyinin strateji mahiyyətini daha da gücləndirib.
Azərbaycan və Qazaxıstan arasında münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluğu, siyasi iradəsi və mütəmadi təmasları əsas həlledici amillərdəndir. Prezident İlham Əliyevin son üç ildə Qazaxıstana yeddinci səfəri, Prezident Kasım-Jomart Tokayevin isə altı dəfə Azərbaycana səfər etməsi bu qarşılıqlı dinamikanın göstəricisidir. Hər iki liderin siyasətində nəzərə çarpan ortaq cəhət – müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və türk dünyasının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət – əlaqələrin təbii əsasını təşkil edir.”
Millət vəkilinin sözlərinə görə bu strateji müttəfiqlik yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsində deyil, həm də qlobal miqyasda regional təhlükəsizlik və inkişaf baxımından mühüm rol oynayır
Xəzər hövzəsində və Orta Asiya regionunda baş verən geosiyasi proseslər fonunda Azərbaycan–Qazaxıstan tandemi regional sabitliyin təminatçısı kimi çıxış edir. Bu baxımdan iki ölkə arasında siyasi koordinasiyanın güclənməsi həm enerji təhlükəsizliyi, həm də Orta Dəhlizin sabit fəaliyyəti üçün həlledici faktordur.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı