image-qanunla-reklam
image-ff1443f7390d632614923b5d217ed15a

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır

image-lady-day-az

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir. İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İki ölkə arasında nəqliyyat-kommunikasiya, ticarət-iqtisadi, neft və neft məhsullarının ticarəti, media, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq aparılır.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır.

Azərbaycan və Qazaxıstan SSRİ-nin dağılmasından sonra təkcə dostluğu qoruyub saxlamayıb, həm də ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olublar. Əlaqələrin möhkəmlənməsi istiqamətində ilk addımı heç şübhəsiz Ulu öndər Heydər Əliyev atıb və bu da sonrakı dövrlərdə iki qardaş xalq arasında münasibətlərin inkişafında müstəsna rol oynayıb. Bu siyasətin nəticəsi olaraq hər iki ölkə bu gün regional inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edir, inkişaf paradiqmalarını uğurla tənzimləyir, qlobal uğura töhfəsini verir. Bununla yanaşı, hər iki ölkə regionda əsas inteqrator rolunda çıxış edir, yüklərin Çindən Avropaya və geriyə daşınmasında uğurlu fəaliyyət göstərirlər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində sıx qarşılıqlı, faydalı əlaqələr bunun sübutudur. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının Abşeron stansiyasına gəlməsi iqtisadi nailiyyət kimi tarixə yazıldı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu hadisə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsinin, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Hazırda Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri nəticəsində bu əlaqələr daha da dərinləşərək strateji əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Qazaxıstan ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələr formatında, həmçinin beynəlxalq platformalarda sübut ediblər ki, ölkələr arasındakı əlaqələr təkcə regionumuzda sülhə və sabitliyə kömək etmir, həm də qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq nümunəsidir. Hər iki dövlət bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsinə və xalqlarımızın daha da yaxınlaşmasına inanır. Sevindirici haldır ki, ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və  yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Ölkəmizə göstərilmiş dəstək.

Azərbaycan dünyada artıq ərazi bütövlüyü tam təmin olunmuş, suveren dövlət kimi qəbul edilir. Ermənistan üzərindəki tarixi Qələbə və ötən il Qarabağda keçirilən antierror tədbirindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də respublikamıza gələn dövlət və hökumət başçıları ilə keçirilən görüşlər  də təsdiqləyir ki, Azərbaycanın və onun liderinin nüfuzu gündən-günə yüksəlir. Bu günlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə səslənən fikirlər də bundan xəbər verir. İki ölkə arasında xoş münasibətlər qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Belə ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Azərbaycanın qardaş ölkə və strateji tərəfdaş olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan Respublikasıdır. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, İƏT, MDB, TÜRKSOY, TDT və digər nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər. Bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir.  İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə, Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın nümunəsi olacaq mərkəzin açılış mərasimi baş tutmaq üzrədir. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyi, hədiyyəsi və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Dövlətimizin başçısı ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq etdi. Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki