image-qanunla-reklam
image-bez-nazvaniya-1

Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir

image-lady-day-az

Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir

Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Bizim bu dostluq, qardaşlıq əlaqələrimizin qədim tarixi var. Ulu babalarımız, keçmiş nəsillər əsrlərdən əsrlərə bu dostluğu yaradıblar, qoruyub saxlayıblar və bugünkü günə gətirib çıxarıblar. Bir kökdən olan xalqlarımız öz tarixi dostluğuna, ənənələrinə həmişə sadiq olmuş və bu ənənələr xalqlarımızın dilini, dinini, mənəviyyatını yaşatmışdır. Məhz bunlara görə, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan dostluq əlaqələri xüsusi xarakter daşıyır. Bu baxımdan Azərbaycanın hər bir guşəsində Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına xüsusi hörmət və məhəbbət hissləri yaşayır. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır.

Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür.

Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib. Həm bu mənada, həm də Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə bахır”.

Cari ildə  Cənab Prezident İlham Əliyevin yenidən qürur və fərəh hissi ilə dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri qarşılıqlı işbirliyində yeni səhifə açdı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan–Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Türkiyə bu gün dünya miqyasında söz sahibidir

Tarixin bütün mərhələlərdə Türkiyə xalqı hər zaman qəhrəmanlıq, rəşadət nümunələri göstəribdir, özünün mənliyini, dilini, ənənələrini qoruyubdur. Böyük məmnuniyyət hissi ilə qeyd etmək olar ki, Türkiyə Cümhuriyyəti, onun dövləti, hökuməti bu gün də həmin ənənələrin keşiyində durub, bunları inkişaf etdirir.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr son dövrdə daha yüksək səviyyəyə qalxmışdır. Bu gün dərin qürur hissi ilə söyləyə bilərik ki, tarixin bütün mərhələlərində Türkiyə Azərbaycana böyük diqqət göstərib, kömək edibdir. 1918-ci ildə Azərbaycanda ilk demokratik hökumət yarananda onu birinci tanıyan Türkiyə olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndə də dünya dövlətləri içərisində ilk dəfə olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanımış, ona böyük dəstək vermiş, kömək etmiş, Azərbaycanın dünya miqyasında tanınması üçün öz xidmətlərini göstərmişdir.

Cari ildə Azərbaycan Prezidentinin Türkiyə səfəri  illərdir davam edən gözəl bir ənənənin davamdır. Bu baxımdan bu ənənənin yenə davam elədiyini bütün dünya gördü. Azərbaycan Prezidentin Türkiyə səfərini sevinc və qürurla izlədik. Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır. Hazırda iki dövlət arasında münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Bizim qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin qorunub saxlanılması  regionda sülh və sabitliyin qorunması, hər iki dövlətin təhlükəsizliyi baxımından da  çox önəmlidir və bu səfərlər bu məqama xidmət edir.

Bu gün hər iki dövlət dünyanın diqqət mərkəzindədir. Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə rolunun güclənməsini qısqanclıqla qarşılayan qüvvələr var. Cari ildə keçirilmiş növbədənkənar prezident seçkilərindən öncə və sonra Azərbaycana qarşı müxtəlif təşkilatlar və dövlətlər tərəfindən qaralama kampaniyaları aparıldı. Cənab Ərdoğanın yenidən Azərbaycana dəstəyini dilə gətirməsi mesajı çox önəmli əhəmiyyət daşıdı.

Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün türk dünyası üçün inam, güc və əzmdir, antimilli qüvvələr üçün qorxu və təşvişdir, bəzi dairələr üçün isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən “Bir millət, iki dövlət” milli konsepsiyasının bəşəri missiya olduğunu görür.

 Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

  Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dərəcə müstəsna təminatdır. Bu mənada üzərində dayanılmalı olan başlıca məqam İkinci Qarabağ müharibəsidir. Qardaşlığın mühüm sınağı olan bu müharibə hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi idi. Bütün dünya gördü ki, söhbət Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunmasından düşəndə heç kəsə güzəşt yoxdur.

Qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Türkiyə xalqının bizimlə həmrəyliyi hər zaman gücümüzə güc qatmışdır. Müharibə dövründə  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər dəfələrlə Azərbaycana səfər edərək dəstəklərini bildirdilər. Bütün bunlar Ermənistanın arxasındakı xarici güclərin prosesə müdaxiləsinin qarşısını aldı. Tarixi zəfər regiondakı geosiyasi mənzərəni dəyişdi və yeni reallıq yaratdı. Azərbaycan-Türkiyə əlaqələri bütün Türk dünyasına nümunə oldu. Türkiyə Qələbənin qazanılmasında maneçilik törətmək, əngəlliklər yaratmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə aldı. İyunun 15-i Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi isə bütün türk dünyasında böyük coşğu ilə qarşılandı. Bu bəyannamə hər iki müstəqil dövlətin məramını və niyyətini önə çəkdi və Türk dünyasının gələcək hərtərəfli əməkdaşlığı üçün mühüm presedent yaradaraq özündə tərəfdaşlığın bir çox vacib aspektlərini birləşdirdi. Bir daha təsdiq olundu ki, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Azərbaycanla Türkiyə arasındakı dostluğun zaman keçdikcə daha da möhkəmlənməsi ölkələrimizin qarşılıqlı münasibətlərinin uğurlu şəkildə inkişaf etdiyini göstərir. Hazırda əməkdaşlıq əlaqələrinin hüquqi bazasını müxtəlif saziş və müqavilələr təşkil edir. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Cənubi Qafqazın gələcəyinə dair quruculuq prosesində Türkiyə və Azərbaycanın birgə mövqeyi bir daha ortaya qoyuldu. Ölkələrimiz dünya ölkələri arasında da önəmli yerə malikdir və əminliklə söyləmək olar ki, bu mövqe daha da güclənəcək. Bütün bu proseslərdə təbii ki, cənab Prezident İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya baxışı və qətiyyəti çox vacib rol oynayır.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır

Azərbaycan xalqı və dövləti qardaş Türkiyə dəstəyini hər zaman minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial  məsələlərdə güclü dəstək nümayiş etdirir.  Ümumiyyətlə, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

Türk dünyasının birliyi, daha da sıx inteqrasiyası istiqamətində bir-birindən dəyərli və gözəl addımlar atılır. Bunları görmək, bu tarixi anlara şahidlik etmək bizdə qürur doğrurur. Həmin tarixi addımların atılmasında Azərbaycan dövlətinin öndə getməsi, bu addımların atılması zamanı cənab Prezident İlham Əliyevin qətiyyətli mövqe sərgiləməsi isə bizim sevincimizi daha da artırır. Bu addımlardan ən mühümü cari ildə təhsil sahəsində baş vermişdir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması çox mühüm bir hadisədir. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Azərbaycanın gənc nəsli həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Qeyd edək ki, yeni yaradılacaq universitet qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ümidləri doğruldacaq.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Azərbaycan dövləti antiterror tədbirləri  nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmişdir.

Bütün bu uğurları əldə etmək üçün ən başlıca amillərdən biri güclü ordudur. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.Ordu quruculuğu mürəkkəb, daimi prosesdir və hər gün yenilənir. Hər yeni gün müasir texnologiyalar tətbiq edilir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır.

Bu gün Ali Baş Komandan İlham Əliyev  Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, onu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib. Ordumuz Türkiyə modeli əsasında qurulub və günü-gündən inkişaf edir. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki