image-qanunla-reklam
image-319521535_1084906745642289_1423737989998751901_n

Azərbaycan təbii sərvətlərinin qeyri-qanuni talanmasına qarşı mübarizə yolundan dönməyəcəkdir

image-lady-day-az

Azərbaycan təbii sərvətlərinin qeyri-qanuni talanmasına qarşı mübarizə yolundan dönməyəcəkdir

Qarabağın təbii şəraiti burada aran və dağlıq ərazilərin mövcudluğu ilə fərqli ekoloji sistem təşkil edir. Bu sistemin mərkəzində nadir fauna və flora növləri var. Şuşa dərəsi, Daşaltı mağarası, Topxana meşəsi, Laçın və Kəlbəcər yaylaqları, Süsən və Şükürataz kimi yüksəkliklərə malik Kiçik Qafqaz sıra dağlarının Araza qədər yayılan aşağı ətəkləri – yaşıl kütləli düzənliklər göz oxşayır. Erməni faşistləri illər uzunu məhz bu ekosistemə qənim kəsiliblər.

30 il ərzində ermənilər bu ərazilərin təbii sərvətlərini talan etmiş, əkinə yararlı torpaqlardan qanunsuz istifadə etmişdir. İstifadə etmədikləri yerlərdə hər yay bilərəkdən yan­ğınlar törədir, torpağın tərkibindəki mikroorqanizmləri məhv edirdilər ki, münbitliyi heçə ensin, ərazilər erroziyaya uğrasın və eyni zaman­da, külək alovu təmas xəttinin Azərbaycan hissəsindəki əkin sahələrinə keçirsin ki, azərbaycanlıların taxıl zəmiləri yansın. Yanğınlar zamanı torpağın məhsuldar üst münbit qatı, ot və kolluqlarla birlikdə mikroiqlim yaradan yaşıl ağaclar və bütün can­lılar məhv olurdu, ərazi qara rəng alır, nəticədə səthin temperatur amp­litudası yüksəlirdi. Əkilib-becərilməyən yerlərdə yabanı bitkilər artır, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyan­verici həşəratlar hədsiz dərəcədə çoxalır və cəbhəyanı ərazilərə yayılaraq təsərrüfatlara ziyan vururdu.

İşğal altındakı nəzarətsiz ərazilərdə təhlükə mənbələrindən biri də “Metsamor” atom elektrik stansiyasının radioaktiv tullantılarının qəsdən bu ərazilərə basdırılması idi. Bundan əlavə, kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülürdü. Ermənistanın filiz mədənlərinin tullantıları ucba­tından Oxçuçay ölü bir çaya dönmüşdü. Ekoloqlarımız tərəfindən ölkəmizin sərhəd çaylarının ekoloji vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin yanvar-iyun ayların­da aparılan monitorinqlər zamanı Oxçu­çaydan götürülən su nümunələrinin yerli və beynəlxalq laboratoriyalarda, o cümlədən, Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında analizi zamanı yüksək miqdarda mis, molibden, man­qan, dəmir, sink və xrom kimi ağır-toksik maddələr aşkar edilmişdir.

Xaricdən gətirilərək Qarabağ­da məskunlaşdırılan ermənilər də, qondarma rejimin hərbçiləri də əzəli torpaqlarımızı istismar edib, qanun­suz iqtisadi fəaliyyət göstərirdilər. Aşkar faktlardan biri də bu idi ki, ermənilər tərəfindən nəzarətsiz ərazilərdə aqrotexniki qaydada narkotik bitkilər yetişdirilib və onların məhsulları gizli yollara xarici ölkələrə ötürülürdü. Separatçı rejim həmin ərazilərdə narkotik maddələrin qanunsuz kultivasiyası, becərilməsi, istehsalı və satışının inkişafı üçün bütün zəruri şərait yaratmışdı. Ermənilər Araz vadisindəki bütün meşəlik əraziləri yandırmışdılar. Qiymətli ağac növləri ilə zəngin meşələr və yeraltı ehtiyatlar talanıb. İşğal zamanı erməni vandalları Azərbaycan ərazilərində olan təbii sərvətləri talan etmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz istismara məruz qalmışdır.

Düşmən ölkə Azərbaycanın tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yara­daraq müxtəlif sahələr – mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərmişdir. Belə ki, ümumilikdə, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdiyi ekologiya terroruna 20-dən artıq ölkənin, o cümlədən Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollan­diya və digər dövlətlərin şirkətləri qoşul­muş, işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın təbii sərvətlərini qəddarcasına istismar etmiş, qeyri-qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışlar.

Azərbaycanın erməni faşistlərinin ekoloji terroru barədəki “həyəcan təbili” illərcə qulaqardına vurulurdu. Lakin, biz bununla barışmadıq, qəsb edilmiş torpaqları öz gücümüzlə işğaldan, doğma təbiətimizi, ekologiyamızı amansız erməni vəhşətindən qur­tardıq. Artıq Qarabağın təbiəti rahat nəfəs alır. Parklar, qoruqlar bərpa olunur. Məhsuldar torpaqlar minalardan təmizlənir. Çirkləndirilmiş çaylar, göllər durulur. Bütün bunlar isə Qarabağın ekoloji həyatını daha da canlandırır və zənginləşdirir.

Hazırda, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur. Bununla əlaqədar dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına səfər etmək istəsələr də, sülhməramlılar tərəfindən buna süni əngəl törədildi. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları öz ərazisində bu özbaşınalığa qarşı mübarizəyə qalxıb. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər. Ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına da yalan don geyindirib beynəlxalq aləmə sırımağa çalışırlar, bu aksiyada hərbçilərimizin iştirak etdiyini iddia edirlər. Amma Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər. Biz mübarizəmizi sona qədər davam etdirəcəyik və bu yoldan dönməyəcəyik.

Mahir Xankişiyev,

Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki