image-qanunla-reklam
image-trend_qurultay_191023_20

Azərbaycan tarixində qadınların rolu

image-lady-day-az

Azərbaycan tarixində qadınların rolu.

 

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətdəki rolunun qiymətləndirilməsi və gender bərabərliyinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyan xüsusi bir gündür. Bu gün qadınların tarix boyu apardıqları mübarizənin, qazandıqları nailiyyətlərin və cəmiyyətin inkişafına verdikləri töhfələrin xatırlandığı bir gündür. Eyni zamanda bu gün qadınların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması və onların ictimai həyatda fəal iştirakının təmin olunması istiqamətində görülən işlərin diqqət mərkəzinə gətirildiyi bir tarixdir.

Azərbaycan cəmiyyətində qadına hər zaman yüksək hörmət və ehtiram göstərilmişdir. Tarixin müxtəlif dövrlərində Azərbaycan qadınları yalnız ailənin dayağı kimi deyil, həm də cəmiyyətin inkişafına töhfə verən müdrik, mərd və fədakar şəxsiyyətlər kimi tanınmışlar. Onlar milli-mənəvi dəyərlərin qorunmasında, gələcək nəsillərin tərbiyəsində və Vətənə bağlılıq ruhunun formalaşmasında mühüm rol oynamışlar. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi‑Dədə Qorqud” dastanı da qadının cəmiyyətdəki yüksək mövqeyini əks etdirən qiymətli mənbələrdəndir. Bu dastanda qadın obrazları yalnız ailə qayğıları ilə məşğul olan insanlar kimi deyil, həm də igid döyüşçü, ağıllı məsləhətçi və cəmiyyətin fəal üzvü kimi təsvir edilir. Bu fakt Azərbaycan xalqının tarixən qadına böyük dəyər verdiyini göstərir. Azərbaycan tarixində adları qürurla çəkilən bir çox görkəmli qadın şəxsiyyətlər olmuşdur. Möminə Xatun, Sara Xatun, Nüşabə və Tomris kimi qadın liderlər öz müdrikliyi, uzaqgörənliyi və cəsarəti ilə tarixdə iz qoymuşlar. Sara Xatun diplomatiya sahəsində böyük məharət göstərmiş, Tomris isə qəhrəmanlığı və döyüşkənliyi ilə tarixə düşmüşdür. Bu qadınlar Azərbaycan qadınının gücünü və müdrikliyini nümayiş etdirən parlaq nümunələrdir. Azərbaycan qadınlarının tarixində mühüm mərhələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Şərqdə ilk demokratik respublika olmaqla kifayətlənməmiş, eyni zamanda qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olmuşdur. Bu addım Azərbaycan dövlətinin demokratik dəyərlərə sadiqliyinin və qadınların cəmiyyət həyatındakı roluna verilən yüksək qiymətin göstəricisi idi. Zaman keçdikcə Azərbaycan qadınları təhsil, elm, mədəniyyət, səhiyyə və digər sahələrdə böyük nailiyyətlər əldə etmişlər. Onlar müəllim, alim, həkim, mühəndis, incəsənət xadimi və dövlət qulluqçusu kimi fəaliyyət göstərərək ölkənin inkişafına böyük töhfələr vermişlər. Maarifçi qadınlarımız milli dəyərlərin qorunmasında və cəmiyyətin maariflənməsində xüsusi rol oynamışlar.

 

 

Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki