image-qanunla-reklam
image-1743922114_whatsapp-image-2025-04-06-at-10-46-28

Azərbaycan tarixində qadınların rolu

image-lady-day-az

Azərbaycan tarixində qadınların rolu

Azərbaycan xalqının tarixində qadınların rolu həmişə böyük və əvəzsiz olmuşdur. Tarixin bütün dövrlərində Azərbaycan qadınları yalnız ailənin və cəmiyyətin dayağı kimi deyil, həm də Vətənimizin müdafiəsində, dövlət quruculuğunda, siyasətdə və mədəniyyətin inkişafında fəal iştirak etmişlər. Onlar öz müdrikliyi, cəsarəti və vətənpərvərliyi ilə xalqımızın tarixində silinməz iz qoymuşlar. Azərbaycan qadınının qəhrəmanlıq və igidlik ənənələri xalq ədəbiyyatında da geniş şəkildə əks olunmuşdur. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların cəsarəti, döyüş meydanında göstərdikləri şücaət və ailə-cəmiyyət həyatındakı mühüm mövqeyi xüsusi vurğulanır. Bu dastanda qadınlar yalnız ana və həyat yoldaşı kimi deyil, həm də vətən uğrunda mübarizə aparan qəhrəman obrazları kimi təsvir olunur. Azərbaycan tarixində qadın liderlərin fəaliyyəti də xüsusi yer tutur. Qədim dövrlərdən başlayaraq bir çox qadınlar dövlət idarəçiliyində mühüm rol oynamışdır. Məsələn, Massagetlərin hökmdarı Tomris öz dövrünün ən güclü qadın sərkərdələrindən biri kimi tanınmışdır. Onun rəhbərliyi altında massagetlər böyük imperiyalara qarşı mübarizə aparmış və müstəqilliklərini qorumuşlar. Orta əsrlərdə də Azərbaycan qadınlarının siyasi və ictimai həyatda fəallığı diqqət çəkir. Möminə Xatun öz dövründə siyasi nüfuzu və xeyriyyəçilik fəaliyyəti ilə tanınmış, Naxçıvanda inşa etdirilən möhtəşəm memarlıq abidələri ilə tarixdə iz qoymuşdur. Sara Xatun isə diplomatik bacarığı ilə məşhur olmuş, müxtəlif dövlətlər arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynamışdır. O, Ağqoyunlu dövlətinin nüfuzlu siyasi xadimlərindən biri kimi tarixə düşmüşdür. Azərbaycan ədəbiyyatında və xalq yaddaşında qadın qəhrəmanların obrazı geniş yer tutur. Nüşabə obrazı müdrikliyi və uzaqgörənliyi ilə seçilir. O, böyük fatehlərə qarşı belə öz ağlı və siyasi bacarığı ilə mübarizə aparan güclü qadın simvolu kimi təqdim olunur. Azərbaycan tarixində və xalq dastanlarında digər qadın qəhrəmanların da xüsusi yeri vardır. Nigar və Həcər kimi obrazlar xalqımızın azadlıq və ədalət uğrunda mübarizə ruhunu təcəssüm etdirir. Onların igidliyi və vətən sevgisi xalq arasında qəhrəmanlıq nümunəsi kimi bu gün də hörmətlə xatırlanır. Tutu Bikə kimi qadınlar isə öz siyasi və hərbi fəaliyyəti ilə xalqın taleyində mühüm rol oynamışdır.

Azərbaycan qadını yalnız tarixdə deyil, müasir dövrdə də cəmiyyətin bütün sahələrində fəallıq göstərir. Elm, təhsil, siyasət, mədəniyyət və dövlət idarəçiliyində qadınların rolu getdikcə daha da artır. Onlar ölkənin inkişafına öz bilik və bacarıqları ilə töhfə verir, eyni zamanda milli dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Nəticə etibarilə, Azərbaycan qadınları tarix boyu cəsarət, müdriklik və vətənpərvərlik nümunəsi göstərmişlər. Onların fəaliyyəti xalqımızın tarixinin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün böyük örnək təşkil edir. Azərbaycan qadını həm ailənin dayağı, həm də dövlətin və cəmiyyətin inkişafında mühüm rol oynayan güclü və fədakar bir qüvvədir.

 

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki