image-qanunla-reklam
image-media-img-20231111-wa0055-2bcge3qiolyfhumxr0av

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş

image-lady-day-az

Azərbaycan Respublikasının Konstitusiyası öz dövrünün ən təkmil konstitusiyalarından biri olmaqla, demokratik dünya dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış bir çox ümumbəşəri dəyərləri, dövlət və cəmiyyətin təşkili ilə bağlı olan bir çox prinsipləri təsbit edir. Digər normativ aktlardan fərqli olaraq, Konstitusiya demək olar ki, bütün müasir dövlətlərin əsas qanunudur. Çünki ölkənin sosial-iqtisadi strukturunda, ictimai-siyasi həyatında baş verən bütün dəyişikliklərin məzmunu bu və ya digər formada Konstitusiyaya uyğun aparılır. Konstitusiyanın inkişafı ümumilikdə cəmiyyətin və dövlətin özünün inkişaf mərhələlərinə müvafiq olur. Konstitusiya cəmiyyətin və dövlətin bütün təbəqələrinə ümumi şəkildə sirayət etdiyinə görə, o özündə həyatın bütün sahələrini əhatə edən müddəaları əks etdirir. Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur.

Azərbaycan xalqı 1918-ci ildə öz tarixində ilk dəfə demokratik əsaslarla dövlət yaratmağa nail olsa da, bu dövlətin cəmi 23 ay davam edən qısa ömrü Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi üçün kifayət etmədi. Müstəqilliyimizin bərpasınaqədərki 70 illik dövrdə artıq 3 Konstitusiya qəbul olunmuş, lakin həmin konstitusiyalar ittifaq konstitusiyalarına uyğun hazırlanmaqla dövrün siyasi rejiminin ideologiyasını əks etdirmişlər. Dövlətimiz müstəqillliyini bərpa etdikdən sonra isə demokratik və hüquqi dövlət quruculuğunun tələblərinə cavab verən yeni bir Konstitusiyanın qəbulu zəruri idi. Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini – Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır… Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki