image-qanunla-reklam
image-s3-1536x864

“Azərbaycan Respublikasının Konstitusiyası Günü”

image-lady-day-az

“Azərbaycan Respublikasının Konstitusiyası Günü”

12 noyabr 1995-ci ildə ölkəmizdə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olunub. Artıq 30 ildir ki, Konstitusiyamız milli dövlətimizə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması olmuşdur. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə yeni Konstitusiya qəbul olunarkən qeyd etmişdir ki, “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”. Ölkə başçısı həmçinin bildirmişdir ki, “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.

Bütün dünya ölkələrinin ən ümdə dəyər verdiyi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatı prinsipləri bu gün Dövlətimizin Ali Qanunu olan Konstitusiyamızda geniş və açıq şəkildə bəyan edilir və bu prinsiplərə ölkənin bütün dövlət və hakimiyyət orqanları tərəfindən birmənalı şəkildə əməl edilir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki