image-qanunla-reklam
image-99

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”

image-lady-day-az

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır

Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başcıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Vladimir Putinlə görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür.
Azərbaycan qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur. Onlar regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər.
Azərbaycan qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir

Qardaş Türkiyənin beynəlxalq aləmdəki yerinin və rolunun sürətlə güclənməsini təmin edən başlıca amillərdən biri Azərbaycanın iqtisadi müstəqilliyidir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən enerji strategiyası təkcə Azərbaycanın deyil, Gürcüstan və Türkiyənin də ümumi həyatına əlavə güc qatıb. Qeyd etməliyik ki, əgər keçmiş SSRİ-nin süqutu illərində təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsəydi və Türkiyə ilə sağlam diplomatik münasibətlər yolu tutsaydı, ötən otuz ildə Qafqaz və Anadolu coğrafiyasında tamamilə başqa bir dinamik inkişaf modeli ortaya çıxa bilərdi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası, keçmiş Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq, ötən dövrdə həyata keçirilən beynəlxalq və regional iqtisadi layihələr, o cümlədən hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP ümumi mənada təxminən 20 il əvvəlki ilə müqayisədə Türkiyənin iqtisadi vəziyyətinin 180 dərəcə müsbətə doğru dəyişmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Xəzərin və xəzərsahili bölgələrin karbohidrogen ehtiyatlarının Türkiyəyə və oradan Avropaya nəqli qardaş ölkənin enerji siyasətinə əhəmiyyətli güc qatıb. Məhz bunun nəticəsidir ki, əgər 15-20 il bundan əvvəl Türkiyə Yaxın Şərq ölkələrindən neft və qaz almaq üçün daha uyğun mənbə axtarırdısa, hazırda qonşu ölkələr təbii enerji məhsullarını Türkiyəyə daha ucuz qiymətə təklif etməkdə rəqabət aparırlar. Digər tərəfdən, zəngin ərəb ölkələrinin Türkiyəyə uzunmüddətli sərmayə qoymaqdadırlar. XX əsr boyu xüsusilə qonşu ölkələrdən enerji asılılığı ilə yaşayan Türkiyə hazırda tranzit nəqliyyat və enerji ölkəsinə çevrilməklə təhdidləri birmənalı şəkildə dəf edərək xarici ölkələrlə münasibətlərini öz şərtləri əsasında formalaşdırır.
Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiq olunmasından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması ilə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini özündə əks etdirən yeni dövr başlayıb.
Türkiyənin nəqliyyat-tranzit və enerji daşıyıcılarına dair layihələri ölkə daxilində istehsal həcminin sürətlə artması üçün böyük perspektivlər yaradıb. Zəngəzur dəhlizinin açılışı ilə Qars-Naxçıvan-Bakı yeni dəmir yolu xətti Anadolunu çoxşaxəli istehsal məkanına çevirəcək. Bəzi hallarda bu yolu Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ kimi təqdim etməyə çalışsalar da, qeyd etməliyik ki, dəmir yolları bir-birinə alternativ olmayan yeganə nəqliyyat sistemidir. Digər tərəfdən Bakı-Tbilisi-Qars kimi, Qars-Naxçıvan-Bakı dəmir yolu da məhz Azərbaycan və Türkiyənin layihəsidir. Hər iki dəmir yolları yük axınını artırmaqla bir-birinin işində dinamizmi yüksəltməyə təkan verəcək.
Qars-Naxçıvan-Bakı dəmir yolu xətti keçmiş SSRİ məkanından kömür, filiz, pambıq, yun, meşə məmulatları, politren və digər xam məhsulların Türkiyəyə axınını gücləndirəcək ki, bu da, ilk növbədə, Yaxın Şərq ölkələrinin bazarları üçün cəzbedici olan tekstil, toxuculuq, əl toxuculuğu, mebel və kimya məhsullarının istehsalını yüksəldəcək. Türkiyə bu məhsulların istehsalında və bazara çıxarılmasında həm keçmiş SSRİ məkanından, həm də Yaxın Şərq ölkələrindən texnologiya və təcrübə baxımından xeyli irəlidə olduğuna görə coğrafi baxımdan olduğu kimi, istehsal məkanı kimi də diqqətə mərkəzindədir və hər kəs bunu qəbul etmək məcburiyyətindədir.
Sonda daha bir mühüm məqamı vurğulayaq ki, Türkiyənin Yaxın Şərq siyasəti Zəngəzur dəhlizinin açılışından sonra Qars-Naxçıvan-Bakı yeni dəmir yolu vasitəsilə Azərbaycanda turizm sektorunu sıçrayışla inkişaf etdirəcək. Ən azı ona görə ki, Türkiyə “qatar turizmi” ilə bu sahədə yenilik yaradan nadir ölkələrdəndir.

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Davamlı münasibətlərin əsasları

Mövcud olduğu bütün dövrlərdə dövlətimiz bütün həmsərhəd dövlətlərlə mehriban qonşuluq, dostluq əlaqələri saxlamışdır. İllərlə qorunub saxlanmış bu ənənə bu gün də dövlətimizin xarici siyasətinin əsasını təşkil edir.
Qarşılıqlı əməkdaşlığa, səmimi münasibətlərə söykənən Azərbaycan – Rusiya münasibətləri də tarixi köklərə malik olmuş, əsrlərlə davam edərək bu gün də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Zaman – zaman yaranmış problemlərə baxmayaraq, dövlətlərarası münasibətlər daim mövcud olmuşdur. Münasibətlərin təzadlı və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq hər iki dövləti coğrafi – siyasi tellər birləşdirir. Azərbaycan təxminən iki yüz il Rusiya imperiyasının tərkibində qalmış, onun mühüm bir hissəsi olmuşdur. Digər bir səbəb bu dövrlərin ənənəvi Qafqaz maraqlarıdır. Bu və digər səbəblərdən xarici siyasətimizdə Rusiya mühüm yer tutur.
Zamanın müxtəlif tarixi çətinliklərinə baxmayaraq Azərbaycan – Rüsiya münasibətləri uğurla davam etdirilir. Ölkələrimiz arasında gələcək dostluq münasibətlərinin inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.

 

NATO ilə münasibətlər uğurla inkişaf edir

Azərbaycanla NATO arasında da ikitərəfli əlaqələr mövcuddur. 2022-ci ildə Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü olacaq. Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb. Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Onun 1997-ci il noyabrın 21-də imzaladığı fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub. Azərbaycan müstəqil olan gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurub.
İkinci Qarabağ savaşında NATO-nun tutduğu mövqe onun Azərbaycanın haqqını tanıması anlamına gəlir. Artıq yeni şəraitdə, hazırkı enerji böhranı və Rusiyanın inşa etdiyi “Şimal axını-2” boru kəmərinin Avropa tələblərinə uyğunsuzluğu fonunda layihənin mərkəzi oyunçusu kimi Azərbaycanın iştirakı ilə reallaşan Qərb üçün tamamilə fərqli dəyərə malik olan Cənub Qaz Dəhlizi daha böyük önəmi daha da artmışdır.Bu mənada, nəticə etibarı ilə, Azərbaycan öz Ali Baş Komandanının rəhbərliyi altında həm də bir növ Avropanın özünün maraqlarında olan, lakin “qeyri-mümkün missiya” sayıla biləcək bir vəzifəni həll etmişdir. Bununla da Azərbaycan nəinki əvvəllər işğal olunmuş torpaqlarını azad etmiş, həm də özünü ciddi hərbi potensiala malik ölkə kimi elan etmişdir. Dünyanın 50 ən güclü siyahısına daxil olan Azərbaycan ordusunun reytinqi yüksək döyüş qaqbiliyyətli onun etibarlı tərəfdaş kimi qəbul olunmasına zəmin yaradır.
NATO Vətən müharibəsi zamanı bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə, danışıqlara çağırıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Bu ilin iyununda NATO-nun Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb.
Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. 2002-ci ildən etibarən Azərbaycanın 30-dan çox zabiti NATO-nun mənzil-qərargahında və qurumlarında xidmət edib. Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib. Ehtimal etmək olar ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra tərəflər arasında əməkdaşlıq daha da inkişaf edib, genişlənəcək və yeni mərhələyə keçəcək.
Bütün bunlar postmüharibə dövründə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni şəraitə uyğun sərgilədiyi uğurlu taktiki və strateji addımlarının və diplomatik gedişlərinin məntiqi nəticəsi olaraq Azərbaycanın dünya düzənində sürətlə artan nüfuzunun və haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru – Vəfa Bayramova

 

Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında imzalanan Bəyannamə Azərbaycanın suverenliyinin təminatıdır.

Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir.
Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki Bəyannamə bu məqsədə xidmət edir.
Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.
Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Burada beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.
Bu beynəlxalq səviyyədə Azərbaycanın suverenliyinə hər hansı bir təhdid olacağı təqdirdə Rusiyanın birbaşa iştirakı ərazi bütövlüyü qorunacaqdır.
Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür.
Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.
Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.
Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi  güc,  bacarıq, məharətli diplomatika tələb edir.
Bəyannamədə bütün bu pozitiv arqumentlərə siyasi don geyindirərək, Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, suverenliyinə, xarici siyasətinə ziyan gətirən addım olması bağlı siyasi təhriflər vermək yanlış addımdır. Cəmiyyətdə yanlış ictiami rəy formaladırmaq və  bunun kimi hərəkətlər müqavilənin ümumi müddəasından xəbərsiz olmaq, siyasi savadsızlıqdan irəli gəlir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətə nəzər saldıqda görərik ki, müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması gündəmə yeni çıxan məsələ deyil.
2008-ci ildə imzalanan Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə 14 il ərzində iki ölkə arasındakı münasibətləri dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyəyə çatdırıb. İki ölkə arasındakı əməkdaşlığın səviyyəsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasını zəruri edirdi. Bu baxımdan, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar. Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək. Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.
2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir

Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Xüsusilə, dünyanın böyük ölkələrindən olan və ən əsası ən yaxın qonşumuz olan Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu baxımdan, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Bəyannamə olduqca genişdir – 40-dan çox bənd var və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Moskva Bəyannaməsi mövqeyimizi daha da gücləndirdi

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan “Moskva Bəyannaməsi” hər iki ölkənin üzərinə götürdüyü bir öhdəlikdir. Bu öhdəlik ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət edilməsini, münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasını özündə ehtiva edir. Əlbəttə ki, mövcud vəziyyətdə bunun nə qədər vacib olduğu kimsədə şübhə doğura bilməz. Xüsusilə bu Bəyannamədə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının qeyd olunması çox əhəmiyyətlidir. Hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi, tərəflərin bir-birinə qarşı yönələ bilən hərəkətlərdən çəkinməyə dair öhdəlik götürmələri bəyannamənin əhəmiyyətini daha da artırmış olur.
Ən çox diqqəti çəkən məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi barədə Bəyannamədə qeyd olunmasıdır. Bilirik ki, ermənilər xislətlərinə uyğun olaraq, bütün öhdəliklərdən, rəsmi şəkildə verdikləri sözdən, vəddən imtina etməyə çalışırlar və məhz bu fonda bəlli olur ki, imzalanan sənədin əhəmiyyəti nə qədərdir və bu Bəyannamə, heç şübhəsiz ki, məlum 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni imkanlar, yeni rıçaqlar deməkdir. Daha dəqiq desək, Zəngəzur Dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşması üçün imzalanan sənədin nə qədər böyük dəstək olduğu bəllidir.
Əlbəttə ki, nə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri təsadüfi səfər deyil, nə də “Moskva Bəyannaməsi” təsadüfi imzalanan sənəd sayıla bilməz. Bu səfər də, imzalanan bəyanat da düşünülmüş, planlanmış şəkildə reallaşıb və uzun zamandır ki, tərəflər buna hazırlaşırdılar desək, yanılmarıq. Əvvəla ona görə ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması bir günün işi deyil, əksinə, uzunmüddətli iş deməkdir, hansı ki, uzun zaman tələb edir. Digər tərəfdən, heç şübhəsiz ki, hələ ötən ilin yayında Azərbaycanın qaraş Türkiyə ilə imzaladığı “Şuşa Bəyannaməsi” zamanı belə bəlli idi ki, Rusiya ilə də Bəyannamə imzalanacaq. Hətta bunu da diqqətə çatdıraq ki, ölkə rəhbəri ötən ilin sonunda xalqımıza müraciəti zamanı bu barədə, yəni Azərbaycan-Rusiya əlaqələrinin yeni səviyyəyə qalxacağı barədə anons etmişdi və bütün bunlar göstərir, eləcə də təsdiqləyir ki, görüş də, imzalanan bəyanat da təsadüfi deyildir.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan xarici əlaqələrini uğurla davam etdirir

Bugün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regiona güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Azərbaycan dünyanın bi rçox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlərin imzalanması ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verir. Bu münasibətlər bugün yeni müstəvidədir. 21 fevral 2022-ci iltarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri, səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü, birgə müttəfiqliyə dair bəyannamənin imzalanması hər iki ölkənin  münasibətlərinin bundan sonrakı uğurlu inkişafına, regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına öz müsbət təsirini göstərəcək.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir.

Dövlətin iki əsas – daxili və xarici siyasət funksiyası var. Buna görə də dövlət xarici funksiyasını və ya siyasətini beynəlxalq münasibətlər sisteminə uyğun quraraq həyata keçirir. Xarici siyasət bir dövlətin öz milli maraqları naminə digər dövlətlər və xalqlarla əlaqələrini beynəlxalq səviyyədə tənzimləyən, həmçinin həmin dövlətin daxilindəki proseslərin xarakterini özündə əks etdirən fəaliyyət istiqamətidir. Xarici siyasət dövlətin milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirilir və bir çox nəzəriyyəçilər tərəfindən daxili siyasətin davamı kimi qəbul olunur. Bu, bizim Konstitusiyamızda da əks olunub. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Xarici siyasətin əsas subyektlərindən biri də beynəlxalq təşkilatlardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən, xüsusilə 1993-cü ildən sonra bir çox beynəlxalq təşkilatlara üzv olaraq beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirib.
Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Bu siyasətin təməli sülhə, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərə söykənir. Əsas vəzifə isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, xalqımızın milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasətin yürüdülməsindən ibarətdir.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

Davamlı münasibətlərin əsasları

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr qurulmuşdur və hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılmışdır. Bu illər ərzində Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Baş konsulluqları, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində Ticarət nümayəndəliyi fəaliyyətə başlamışlar. Ötən illər ərzində iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Şübhəsiz ki, Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür mühit ilk öncə iki ölkə liderləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişlər.
İki dövlət arasında olduqca intensiv siyasi dialoq mövcuddur. Parlamentlərarası əlaqələr, İqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti, Xarici işlər nazirliklərinin və digər nazirliklərin, eləcə də aidiyyətı qurumların rəhbərliyi arasında çoxsaylı təmaslar isə mehriban qonşuluq siyasətini, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirmişdir. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alınır.

Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru

 

Rus dili münasibətlərimizin və gələcək əlaqələrimizin mühüm əsasıdır

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı olaraq təhsil, mədəniyyət və turuzim sahəsində də əməkdaşlığı genişlənməkdədir. Belə ki, Rusiyada minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərməkdədirlər. Ölkəmizdə rus dilinə olan münasibət də xüsusi vurğulanmalıdır. 300-dən çox məktəbdə rus sektorunun mövcud olması, 15-dən çox rusdilli məktəbin fəaliyyət göstərməsi təhsil sahəsində münasibətlərimizin ayrılmaz hissəsini təşkil edir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar da dövlətimizin layiqli vətəndaşları kimi ölkəmizin inkişafına öz töhfələrini layiqincə verirlər.
Digər humanitar əməkdaşlıq çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və müasir cəmiyyətin inkişafının aktual problemlərinin beynəlxalq müstəvidə müzakirə olunduğu meydançaya çevrilmiş Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək zəruridir. İki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi olaraq Heydər Əliyev Fondunun rolu önə çəkilməlidir. Belə ki, Fondun fəaliyyəti nəticəsində mədəniyyətimiz Rusiyada geniş təbliğ olunur, çoxsaylı tədbirlər, o cümlədən sərgilər, müsabiqələr, festivallar və konsertlər təşkil edilir. Turizm sahəsində əməkdaşlıq da son illər ərzində çox inkişaf etmişdir. Belə ki, Rusiyadan ölkəmizə turizm məqsədi ilə səfər edən insanların sayı artıq bir milyona çatmışdır. Bu da sıravi Rusiya vətəndaşı üçün Azərbaycanın tarixi, mədəniyyəti, qonaqpərvərliyini və məişətini daha yaxından tanımağa imkan yaradır.

Şəhla Eminova –əməkdar müəllim

 

2022-ci 22 fevral tarixli Moskva Bəyannaməsi

2022-ci ili fevralın 22-də Moskvada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi də qiymətləndirmək olar. Belə ki, Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir: Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir.
Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur Dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına növbəti dəstəkdir. Bu baxımdan da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyannaməsinin imzalanması tarixi hadisədir. Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki