Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Bu istiqamətdəki fəaliyyətində bölgə üçün faydalı dialoqların, mühum məsələlərin müzakirəsində açıq siyasət yürüdüb. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu onun təsdiqidir ki, Azərbaycan regionun inkişafına töhfələrini verir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, qonşu ölkələrlə əlaqələr hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə addımlar atılıb. Azərbaycan-Gürcüstan-Türkiyə Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli uğurlu əməkdaşlıq formatları bölgənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımdan son dərəcə effektlidir. Ölkəmiz o cümlədən, qonşu İran ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək və regional baxımdan mühüm dəyişikliklərlə yadda qalacaq. Ölkəmizin başçısı iranlı həmkarının böyük heyətlə Azərbaycana gəlməsinə və önəmli sənədlərin imzalanmasına toxunaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bu baxımdan məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki dövlət və eyni zamanda bütövlükdə region ölkələri üçün faydalı olacağı şübhə doğurmur.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc