AZƏRBAYCAN QLOBAL TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB!
Martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu dünya siyasətində baş verən mürəkkəb proseslərin müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət çəkdi. Azərbaycanın paytaxtında keçirilən bu mötəbər beynəlxalq tədbir təkcə müxtəlif ölkələrdən gəlmiş siyasətçilərin, diplomatların və ekspertlərin görüş yeri deyil, həm də yeni qlobal reallıqların dəyərləndirildiyi strateji müzakirə məkanıdır. Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Artıq uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Bu cür tədbirlər dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.
XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün müstəqillik tarixində ilk dəfə tranzit ölkəsi olacaq, qapıları dünyanın bir çox ölkələrinin üzünə açılacaqdır. Beləliklə, Ermənistan dalan ölkə olmaqdan xilas olacaqdır. Digər tərəfdən, yeni qazanc mənbəyi əldə edəcəkdir. Baş nazir Nikol Paşinyanın bildirdiyinə görə Ermənistan Naxçıvanın Bakı ilə tranzit əlaqəsinə hazırdır. Otuz altı ildir ki, bu xoş xəbəri gözləyirdik, nəhayət, o gün də gəldi. Bu isə bizə Azərbaycanın iki hissəsini-əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı əlverişli vəziyyət yaradacaq. Cənab Prezident İlham Əliyevin forumda verdiyi bu məlumatlar iştirakçılarda Azərbaycanın düzgün və aparıcı mövqedə olmasına və Cənubi Qafqazın lider dövlətinə çevrilməsinə inamı bir daha möhkəmləndirir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev





















