Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
Hər kəsi təşvişə salan COVID-19 pandemiyası gözlənilmədən bütün dünyanı bürüdü və ən güclü səhiyyə sistemi olan ölkələri belə çarəsiz qoydu. Eyni zamanda dünya iqtisadiyyatına böyük zərbə vurdu. 2 ildən çox davam edən pandemiya insan psixologiyasına da təsirsiz ötüşmədi. Təbii ki, belə fövqəladə vəziyyətlərdə dövlətlərin gördüyü qabaqlayıcı tədbirlər, səhiyyə sahəsindəki uğurlu siyasət ən vacib faktorlardan biri olur. Hansı ölkələr ki, xəstəliyi ciddiyə alaraq vaxtında tədbirlər görür, onlar vəziyyətdən üzüağ çıxa bilirlər.
Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizədə nümunəvi dövlətlərdən oldu. Dünyanın gözləmədiyi anda belə bir xəstəliklə üz-üzə qalması bütün ölkələrin səhiyyə sisteminin yüklənməsinə gətirib çıxartdı. Lakin pandemiya elan olunduğu ilk vaxtlardan xəstəliklə mübarizədə dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, ölkə rəhbərinin tapşırığı ilə respublikamızda yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, klinikaların açılması, lazımi tibbi təchizat və avadanlıqların vaxtında ölkəyə gətirilməsi problemi qarşıladı, ağır fəsadların yaranmasına imkan vermədi. Bununla yanaşı, Azərbaycan qlobal səyləri səfərbər edən, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu. Eyni zamanda infeksiyaya qarşı hazırlanan peyvəndin alınması üçün ilk günlərdən danışıqlara başlanıldı. Bunların nəticəsidir ki, Cənubi Qafqazda COVID-19 əleyhinə vaksinasiyaya başlayan ilk ölkə Azərbaycan oldu. Dövlət siyasətində əhalinin sağlamlığını prioritet tutan Prezident cənab İlham Əliyev pandemiya dönəmində daim vəziyyətə birbaşa nəzarət etdi, lazımi tapşırıqlarını verdi, eyni zamanda beynəlxalq tədbirlərdə peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması məsələsinə daim toxunaraq BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürmüşdür. Azərbaycan pandemiya ilə mübarizədə 80-dan çox ölkəyə humanitar yardım etdi, bəzi ölkələrə vaksin göndərdi, eyni zamanda ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etdi. Pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Nuray Kərimli –Zərdab şəhər sakini, fəal gənc