Azərbaycan qadınlarının ilk qurultayı.
Qadınların ictimai həyatda daha geniş iştirakı dövlət sənədlərində də təsbit edilirdi. Bu, öz əksini dövlətin əsas qanununda – Konstitusiyasında da tapdı. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Bu proseslər də ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan edib. Azərbaycanda qadın siyasəti Ulu Öndərin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman imzalanması, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılması, və s. kimi sənədlərlə şərtlənir. Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasəti, iqtisadiyyatı, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir…
Qadınların ictimai-siyasi fəaliyyətini təşkilatlandırmaq məqsədi ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirildi. Qurultay qadın siyasəti baxımından tarixi hadisə oldu. Azərbaycanda milli-azadlıq hərəkatında da olduqca fəal iştirak edən Azərbaycan qadınları Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da siyasi hadisələrin seyrçisi deyildi, respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin də iştirakçısıydı, bu iştirak Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə şərtlənirdi. Azərbaycan qadınlarının mövqeyi həmişə milli dövlətçiliyin müdafiəsi olub. Bu qurultayda da məhz bu kimi mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi






















