image-qanunla-reklam
image-1704713651-1637816438_560315_original

Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı var

image-lady-day-az

Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı var

Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır.  İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə, ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb.

Bununla yanaşı, Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən fond Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasına, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasına və təbliğinə əvəzsiz töhfələr verir. Fondun missiyalarını layiqincə yerinə yetirən onun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva isə fərqli mədəniyyətlər arasında dialoqun qurulmasında, xaricdəki Azərbaycan gənclərinin təşkilatlanmasında, ölkəmizin dünyada təbliğində, “Xocalıya ədalət” kimi vacib bir kampaniyanın aparılmasında, eləcə də bu qəbildən olan digər mühüm tədbirlərin reallaşmasında mühüm xidmətlərin müəllifi kimi çıxış edir.

Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Fəal vətəndaşlıq mövqeyini sərgiləyən Azərbaycan qadını.

Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da həmişə qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dövlətlərdə olduğu kimi, ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edilir. Yüksək etimadı hiss edən Azərbaycan qadını da bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçildiyini daim nümayiş etdirir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən Azərbaycan qadını hər zaman nümunə olmuşdur. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzisi Mehriban xanım Əliyeva.

Tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.

Azərbaycanın birinci xanımı ­Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu öndərin adını daşıyan, onun ideya və əməllərinin təntənəsinə xidmət işində öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilməklə misilsiz bir nüfuz qazanmışdır. Xanım Mehriban Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir.

Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir.

Azərbaycan qadını tarix boyu ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstəriblər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər.İstər milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, istərsə də, dövlət quruculuğunda aktiv iştirak edən nümunəvi qadınlarımız olub, indi də var.  Azərbaycan qadını bu gün ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında, bu çərçivədə dövlət qadın siyasətinin formalaşmasında və həyata keçirilməsində mütərəqqi siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqli şəkildə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi altında bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaratmışdır.

Azərbaycanda qadın hərəkatından və ümumilikdə qadınların cəmiyyət həyatındakı fəallığından söz açarkən yada düşən ilk nümunə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətidir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində parlaq təcəssümünü tapıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bu gün biz fəxr edirik ki, Azərbaycan nəinki, Cənubi Qafqazda, eləcə də, dünyanın ən inkişaf etmiş ölkələri arasında böyük nüfuza sahibdir. Müasir Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, siyasi, iqtisadi çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır.

Zaman keçdikcə bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Azərbaycan qadınları bizim doğma dilimizi, ənənələrimizi, xalq yaradıcılığının ən gözəl abidələrini qorumuş, milli mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmişlər. Bu gün ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi sürətli inkişafa imkanlar açmaqla cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaradır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov

 

 

Ölkədə qadın siyasətinin əsasını qoyan şəxs.

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də rəsmi bayram günü olaraq qeyd edilir. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi,mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişdir. Ölkəmizin xanımları öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Qadınlarımız doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıbrlar.

Ölkəmizdə dövlət – qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.  Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir.

Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaradır. Ölkəmizdə gender bərabərliyi siyasəti uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, respublikamızın inkişafına töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki