Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır
Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin 2024-cü ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təqdim olunması və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.
Statistik rəqəmlər də ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi artıb. İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Hazırda İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir.
Diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan-İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində “Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür” söyləyən cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır. Oktyabrın 1-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin açılışı dostluğumuzu daha da möhkəmləndirəcək.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini