Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir
BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət, investisiya və logistika əməkdaşlığı sürətlə artır. Bu günə qədər Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun qeydiyyatdan keçməsi xüsusi fakt kimi göstərilir. Bu, yalnız iqtisadi göstərici deyil, Azərbaycan biznes mühitinə olan yüksək etimadın ifadəsidir.
Ticarət dövriyyəsində müşahidə olunan artım da təsadüfi deyil. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib. 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm artıq 547 milyon dollara çatıb və bu, əvvəlki ilin eyni dövründən üç dəfə çoxdur. Bu artım Orta Dəhlizdən səmərəli istifadə, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və tarif üstünlüklərinin tətbiqi ilə bağlı konkret nəticələrin göstəricisidir. İnvestisiya sahəsində də əlaqələr güclənir. Azərbaycanın Qazaxıstana yatırdığı sərmayə 225 milyon dollar, Qazaxıstanın Azərbaycana yatırdığı sərmayə isə 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli perspektivdə qarşılıqlı inkişaf və iqtisadi inteqrasiyaya sadiqliyini sübut edir. Bu, həmçinin iki ölkənin iqtisadi modellərinin bir-birini tamamladığını və strateji sinerji yaratdığını göstərir. Nəqliyyat-logistika əməkdaşlığı strateji prioritetlərdən biri kimi xüsusi yer tutur. Prezident Əliyev bildirir ki, infrastrukturun inkişafı, tarif siyasətinin təkmilləşdirilməsi və logistika üstünlüklərinin artırılması regional bazarların inteqrasiyasına təkan verir. 2024-cü ildə tranzit daşımalarının 20 faiz artaraq 3,5 milyon tonu keçməsi bu sahədə əldə olunan real nailiyyətlərdir. Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşrutuna çevrilir və burada Azərbaycan və Qazaxıstanın rolu həlledicidir. 2022-ci ildə Aktauda imzalanmış Orta Dəhlizin inkişafına dair 2022–2027-ci illər üçün Yol Xəritəsi bu sahədə sistemli inteqrasiyanın əsas sənədidir. Bu sənədin icrası nəqliyyat infrastrukturunun sinxron inkişafını, logistika mərkəzlərinin yaradılmasını və vahid tarif siyasətini təmin edir. Bundan əlavə, Xəzərin dibi ilə sualtı fiber-optik kabel layihəsi rəqəmsal inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Bu layihə 2026-cı ilin sonuna qədər başa çatdırılacaq və regionun rəqəmsal xəritəsini dəyişəcək. Enerji sahəsində də mühüm əməkdaşlıq istiqamətləri mövcuddur. SOCAR və KazMunayQaz arasında illik 1,5 milyon ton Qazaxıstan neftinin Aktau-Ceyhan marşrutu ilə tranziti haqqında saziş enerji əməkdaşlığının strateji səviyyədə olduğunu göstərir. 2024-cü ildə tranzit həcmlərinin artırılması və tariflərin azaldılması barədə əldə olunan razılaşmalar Orta Dəhlizin effektivliyini daha da gücləndirəcək.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru