image-qanunla-reklam
image-556017608_1351873736292401_3352211098767008652_n

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir

image-lady-day-az

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir

“Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.” Prezident İlham Əliyev sentyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatlarında səsləndirdiyi bu fikirlər iki ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır.

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sisteminin aktorları Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə  müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlif ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Azərbaycan-İtaliya münasibətlərinin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır

Prezident İlham Əliyev italiyalı həmkarı ilə mətbuata birgə bəyanatında da bu məqamlara xüsusi diqqət yönəltdi ki, aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə  dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada uzun illər ərzində diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimiz arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər qurulub. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliya tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, keçmiş Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki