image-qanunla-reklam
image-1772522803_bb1eaee9013bf96d1b7f2deac988adbe

Azərbaycan həm qaz ixracında qlobal liderliyini möhkəmləndirir, həm də yaşıl enerji sahəsində regional mərkəzə çevrilmək istiqamətində inamla irəliləyir

image-lady-day-az

Azərbaycan həm qaz ixracında qlobal liderliyini möhkəmləndirir, həm də yaşıl enerji sahəsində regional mərkəzə çevrilmək istiqamətində inamla irəliləyir

 

Azərbaycanın enerji siyasəti yalnız ənənəvi karbohidrogen resurslarının hasilatı və ixracı ilə məhdudlaşmır. Son illər ölkəmiz bərpaolunan enerji sahəsində də genişmiqyaslı və sistemli addımlar atır. Bu istiqamət Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir və ölkənin uzunmüddətli dayanıqlı inkişaf modelinin ayrılmaz tərkib hissəsini təşkil edir.

Dövlət başçısının Bakı Konqres Mərkəzindəki çıxışında qeyd etdiyi kimi, cari ilin yanvar ayında regionda indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının açılışı baş tutub. Layihə ACWA Power tərəfindən maliyyələşdirilərək icra olunub və Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur. Bununla yanaşı, 2023-cü ildə Masdar tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edilib. Hazırda bir sıra digər layihələr icra mərhələsindədir və yaxın illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.

Qarşıya qoyulan əsas hədəflərdən biri 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan mənbələrin payını 30 faizə çatdırmaqdır. Bundan əlavə, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat həcmində elektrik enerjisi istehsalının təmin ediləcəyi və bu enerjinin əhəmiyyətli hissəsinin ixrac olunacağı gözlənilir. Bu isə Azərbaycanın enerji ixracatçısı statusunu yeni müstəviyə daşıyacaq və ölkəmizi yaşıl enerji təchizatçısı kimi də tanıdacaq.

Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qazın bir hissəsinin daxili tələbatın ödənilməsinə yönəldilməsi strateji əhəmiyyət daşıyır. Artan iqtisadiyyat, sənayeləşmə prosesi, kommunikasiya sektoru, süni intellekt və data mərkəzləri kimi innovativ sahələrin inkişafı əlavə enerji resursları tələb edir. Bərpaolunan enerji mənbələrinin genişləndirilməsi həm daxili tələbatın qarşılanmasına, həm də əlavə qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Azərbaycanın bu sahədəki siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2021-ci ildə qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədinə əsaslanır. Həmin strateji sənəd ölkənin iqtisadiyyatının şaxələndirilməsi, enerji sektorunda balansın qorunması və ekoloji dayanıqlığın təmin olunmasını prioritet istiqamət kimi müəyyən edir.

Azərbaycan həm qaz ixracında qlobal liderliyini möhkəmləndirir, həm də yaşıl enerji sahəsində regional mərkəzə çevrilmək istiqamətində inamla irəliləyir. Bu kompleks və uzaqgörən enerji strategiyası ölkəmizə uzunmüddətli iqtisadi dividendlər qazandırmaqla yanaşı, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verməyə davam edəcək.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki