image-qanunla-reklam
image-1772522784_1ea49dbfdf123b49907cf883f0179517

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

image-lady-day-az

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.

2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları Azərbaycanın enerji strategiyasının təqdimatı, tərəfdaşlarla dialoqun dərinləşdirilməsi və qlobal enerji təhlükəsizliyinə töhfələrin nümayişi baxımından mühüm beynəlxalq platformaya çevrilib. Qısa müddət ərzində bu format regional çərçivəni aşaraq beynəlxalq enerji gündəliyini müəyyənləşdirən əsas müzakirə məkanlarından biri kimi qəbul olunub. Bu gün dünya siyasətinin və beynəlxalq münasibətlər sisteminin əsas gündəm mövzularından biri enerji təhlükəsizliyidir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji bazarlarında qeyri-sabitliyin artdığı və iqlim dəyişikliklərinin ciddi çağırışa çevrildiyi bir dövrdə enerji resurslarının etibarlı və davamlı təchizatı dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz komponenti kimi çıxış edir. Bu kontekstdə Azərbaycan müasir dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biri kimi qlobal enerji təhlükəsizliyi sistemində mühüm və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. “Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın artan rolunu bir daha təsdiqlədi. Toplantılarda Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti təmsil olundu. İştirakçıların say tərkibində hər il müşahidə olunan artım ölkəmizin beynəlxalq enerji dialoqunda nüfuzunun yüksəldiyini və etibarlı tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir.

Prezident  cənab İlham Əliyevin iclaslardakı çıxışı qlobal enerji təhlükəsizliyi, sənaye inkişafı və yaşıl transformasiya baxımından mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı vurğuladı ki, enerji müstəqilliyi hər bir ölkənin milli təhlükəsizliyinin əsas tərkib hissəsidir. Bu gün enerji təhlükəsizliyi ilə yanaşı, sənaye təhlükəsizliyi anlayışı da ön plana çıxır. Sənayenin inkişafı üçün sabit enerji təchizatı, neft-kimya məhsulları və gübrələr kimi strateji resurslar vacibdir. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı kimi geniş imkanlara malikdir. Azərbaycanın zəngin təbii resursları və düşünülmüş enerji strategiyası nəticəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri vasitəsilə Azərbaycan nefti Aralıq və Qara dəniz hövzəsinin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Bu strateji layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə və qaz təchizatının təhlükəsizliyinə mühüm töhfə verir.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki