Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir
İqtisadi Əməkdaşlıq Təşkilatı hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdı. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı sayılır. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin ilk daxil olduğu qurumlardan biridir. 1992-ci ilin noyabrın 28-də bizdən başqa 6 ölkə – Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da Təşkilata üzv qəbul olundu. İqtisadi Əməkdaşlıq Təşkilatında kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, infrastruktur, ictimai işlər, elm, təhsil, mədəniyyət, energetika, narkotik maddələrin yayılmasının qarşısının alınması məsələləri üzrə fəaliyyət göstərən 8 komitə fəaliyyət göstərir. Təşkilat 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında, 1994-cü ildə isə İqtisadi Təşkilatı Konfransında müşahidəçi status alıb. Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Prezident cənab İlham Əliyev tərəfindən həmin təklif Təşkilatın 2006-cı ildə Bakıda keçirilən 9-cu Zirvə görüşündə yenidən irəli sürülüb və 2021-ci ildə 14-cü Zirvə görüşündə həmin təklif qəbul olunub və Bakı şəhərində təsis edilib. Mərkəzin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə yardım etməkdir.
İqtisadi Əməkdaşlıq Təşkilatını bizim üçün vacib edən daha bir addımı onun 17-ci Zirvə görüşünün Azərbaycanın tarixi torpağı olan Xankəndi şəhərində keçirilməsi oldu. Son illər ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilib. Belə tədbirlərin işğaldan azad edilmiş şəhərlərimizdə keçirilməsi xüsusilə önəmlidir. Eyni zamanda, həmin torpaqlarda bu gün baş verənlər gələcək üçün sənəd, hüquqi akt və maddi sübutdur. Bütün dünya görür ki, dövlətimiz öz tarixi torpağına necə sahib çıxır. İşğal zamanı düşmən tərəfindən viran qoyulmuş, cinayətkarlığın, qaçaqmalçılığın, narkoticarətin və separatizmin mərkəzi olmuş ərazilərimiz yenidən qurulur, bərpa edilir. İllərlə işğalda qalmış ərazilərimiz indi əməkdaşlıq və sabitlik yurduna, region və dünyamız üçün əhəmiyyətli mərkəzlərə çevrilir. Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın qurucusu, təşkilatçısı, diplomatik balansı təmin edən bilən lider ölkədir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal