image-qanunla-reklam
image-16693589296211538627_1000x669

Azərbaycan diplomatiyasının uğuru 

image-lady-day-az

Azərbaycan diplomatiyasının uğuru 

Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir. Bu Zəfər cəbhədə, 44 gün çəkən döyüşlərdə əldə edilsə də, ona gedən yol daha uzun olmuşdur. Bu qələbə hərbi, iqtisadi, siyasi sahələrlə yanaşı, beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlib.

Hakimiyyətə gəldiyi ilk dövrdən dövlət başçısı İlham Əliyev beynəlxalq diplomatik səviyyədə Azərbaycanın mövqelərinin gücləndirilməsi və müxtəlif tərəfdaşlıqların qurulması işini yorulmadan davam etdirir. O, ölkəmizə qarşı yönəlmiş qərəzə, ədalətsiz münasibətə, ikili standartlara əsaslanan yanaşmalara baxmadan, bütün tərəflərlə və dövlətlərlə diplomatiyanı davam etdirir, diplomatik imkanlardan yararlanır. Dövlətimizin başçısının bu tərzdə liderlik keyfiyyəti isə Vətən müharibəsinin ən ağır, gərgin günlərində, ondan əvvəl və sonrakı dövrlərdə, elə bu gün də xarici siyasət və diplomatiyamızın aparıcı xətti kimi davam edir.

Prezident İlham Əliyevin hazırda yürütdüyü fəal xarici siyasət Vətən müharibəsində qazandığımız Zəfərimizin nəticələrinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. O, fərqli dövlət və güc mərkəzləri ilə fəal, səmərəli münasibətlər quraraq milli maraqlarımızı reallaşdırır. Son dövrlər dövlət başçısı müxtəlif regionları əhatə edən fəal xarici siyasət kursu həyata keçirir. Bir region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkəyə xas olan xüsusiyyətdir, ancaq Azərbaycan liderinin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir, böyük coğrafiyada ölkəmizin maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir.

Son vaxtlar Prezident İlham Əliyevin Bolqarıstana səfəri və səfər çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi, Praqaya səfəri və orada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri, Sankt-Peterburqa səfəri və keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, o cümlədən Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı və çıxışı onun 2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçildiyi gündən milli maraqlarımızın qorunması, həyata keçirilməsi və inkişafı naminə qət etdiyi yolun məntiqi davamı kimi atılan addımlardır. Belə mürəkkəb konfiqurasiyalı addımlar Azərbaycan dövlətinin mövqelərinin beynəlxalq münasibətlər sistemində dayanıqlı inkişafını təmin edən Prezident İlham Əliyevin xarici siyasət strategiyasının parlaq təzahürləridir. Məhz bu strategiya Azərbaycanı müxtəlif risk və təhdidlərdən qoruyaraq ölkəmizin sabit və dayanıqlı inkişafını təmin edir.

Özünü dünya arenasında etibarlı tranzit məkanı kimi təsdiqləyən ölkəmiz Avrasiyanın yeni mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycan həm də regional və qlobal proseslərdə güc mərkəzi kimi mühüm rol oynamaqdadır. Strateji baxımdan mühüm geosiyasi məkan – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu transmilli dünya güclərinin maraq dairəsində olub. Sirr deyil ki, Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz onun geosiyasi, geoiqtisadi üstünlüyü və coğrafi reallıqlar dayanır. Bu da ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında əsas amildir.

XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası başa çatdırılmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynamışdır.

Bu gün dünyada beynəlxalq sistemin formalaşması prosesi gedən nöqtələrdən biri də Orta Asiyadır. Region bizim üçün bir neçə səbəbdən əhəmiyyətlidir. Əvvəla, burada türkdilli dövlətlər yerləşir. Dünyanın ən vacib enerji bazasıdır. Çin, Hindistan, Rusiya, İran və digər dövlətlərə uzanan nüfuz qurşağını və mühüm ticarət yolunu təşkil edir. Azərbaycan isə bu yolun tən ortasında yerləşir və son vaxtlar regionun bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində əlaqələri genişlənir. Ümumiyyətlə, hazırda türk dövlətləri ilə tərəfdaşlıq inkişaf etdirilərək inteqrasiyaya keçid almışdır. Bu işdə Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilməlidir.

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşündə də 3 dövlət arasında əməkdaşlığın strateji cəhətdən önəmli məsələlərinə dair fikir mübadiləsi aparılmış, xüsusilə nəqliyyat və kommunikasiya sahəsində tərəfdaşlıq məsələləri müzakirə edilmişdir.

Təbii ki, Azərbaycan Prezidentinin multiregionallıq prinsipi əsasında fəaliyyəti çoxşaxəlidir. Məsələn, Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Prezidentin son iki ayda bu ölkələrə səfərləri qarşılıqlı siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edir. Azərbaycan Asiya ölkələri ilə daha geniş çərçivədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır və bu istiqamətdə əhəmiyyətli işlər görülür. Bu il sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçısının iştirakı Azərbaycan Prezidentinin dünya miqyasında nüfuzunun artmasının, ona göstərilən yüksək ehtiramın ifadəsidir. Sammit çərçivəsində dövlət başçısının keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycan ŞƏT ölkələri, xüsusilə Çinlə əlaqələri inkişaf etdirmək niyyətindədir.

Balkan ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Albaniya və Serbiyaya səfərləri enerji sahəsində əməkdaşlıq, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun artması da deyilənləri təsdiq edir.

Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, görülən işlər barədə Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında xüsusi qonaq qismində iştirak edən dövlət başçısı İlham Əliyevin çıxışında da ətraflı bəhs olunub. O, Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə əməli töhfə verdiyini diqqətə çatdırıb.

Yekun olaraq demək olar ki, bütün bunlar diplomatiyamızın uğurları, dövlət başçısının düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədyönlü şəkildə, ardıcıl həyata keçirdiyi xarici siyasət kursunun nəticələridir.

Süleyman Şahbazov Saatlı rayonu Məmmədabad kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki