image-qanunla-reklam
image-media-ana-dili-cuqpxk8rg6zvsi0w9b24

Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs

image-lady-day-az

Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs.

Azərbaycan Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət və ənənələrimizin yaşadılması  məsələlərini də diqqətdə saxlayırdı. Həmin dövrdə qarşıda böyük bir vəzifə dururdu: dövlətçiliyin inkişafı ilə yanaşı, dövlət dilini də inkişaf etdirmək! Dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik təfəkkürü lazım idi. Bu təfəkkür isə ən yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevə xas idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər oldu. Müzakirələrin nəticəsi kimi 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi üçün müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi,  Azərbaycan dilində nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı  nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inamı artır və müstəqillik düşüncələri daha da güclənirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. Bu diqqətin nəticəsi olaraq dahi rəhbər  2001-ci il iyunun 18-də  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin Fərmanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında,  yazı mədəniyyəti tariximizdə mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 2001-ci il avqustun 9-da daha bir Fərman imzalamışdır. Bu Fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı bu Fərmandan sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsi təmin edildi.  Məhz bundan sonra respublikada bütün sənədləşmələrin latın qrafikası ilə aparılmasına başlanıldı. Ümummilli Lider Heydər Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində Azərbaycan dili, onun saflığı və qorunması məsələlərini həmişə irəli sürmüş və dil mütəxəssislərinə özünün nəzəri göstərişlərini vermişdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki