Azərbaycan dili gününün təsis edilməsi.
Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də 1920-1960-cı illərdə respublikamızda Azərbaycan dili hakim mövqeyə malik deyildi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Hətta repressiyaların tüğyan etdiyi 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdular. Lakin ölkədə ümumi vəziyyət getdikcə bir qədər yumşalsa belə, ideoloji qadağaları heç kim ləğv etməmişdi. Məhz buna görə də müttəfiq respublikaların rəhbərləri hətta 60-70-ci illərdə belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin bütün bu qadağalara baxmayaraq, o dövrdə Azərbaycan SSR-yə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusunun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsinə nail olmaqla Ümummilli Lider Heydər Əliyev xalqın milli ruhunu yüksəltdi, özünə inamını artırdı. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir düzəliş təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər ana dilimizin adını bizə qaytarmaqla Azərbaycan dilinin inkişafı və qorunması işinə misilsiz töhfə vermiş oldu: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Ulu Öndərin müəyyən etdiyi dil siyasəti birmənalı olaraq ölkəmizdə dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik siyasətin uğurla həyata keşirilməsinin nəticələridir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal