image-qanunla-reklam
image-baki_6

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

image-lady-day-az

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı çoxkonfessiyalı diyar kimi tanınmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu, bizim böyük sərvətimizdir. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Azərbaycan regionun ən sabit və lider ölkəsi kimi tanınmaqdadır. Hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycan Ermənistan ilə arasındakı problemini müsəlman-xristian münaqişəsinə çevirmədi. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları var idi. Baxmayaraq ki, Ermənistan işğal dövründə bütün dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən dağıtmış, amma xalqımız tolerantlığın ən bariz nümunəsi kimi Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışdır. Çünki tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri tarixi dəyər kimi formalaşıb. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilib.

Otuz ilə yaxın işğal müddətində erməni vandalları tarixi Azərbaycan torpaqlarında mədəni irsi məhv etmək üçün əllərindən gələni əsirgəmədilər. Qarabağda, Şərqi Zəngəzurda qədim mədəniyyət abidələrini uçurub-dağıtdılar. Vətən müharibəsindən sonra həmin bölgələrdə Azərbaycan dövlətinin qərarı ilə genişmiqyaslı və sürətlə bərpa, tikini-quruculuq işlərinə start verildi.

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirakı zamanı cənab Prezident ermənilərin Azərbaycanda yaşamasına münasibət bildirərək diqqətə çatdırmışdır ki, ölkəmizdə müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər. Eyni zamanda da ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Bu missiyanı Azərbaycan həm bugünkü siyasətinə, həm də tarixi keçmişinə görə öz üzərinə götürə bilər. Çünki etnik və dini mənsubiyyətə əsaslanan güc siyasəti bəşər tarixinin müasir inkişafında tənəzzül rolu oynayır, bir növ qlobal gərginlik oxuna çevrilərək təcavüz, qorxu, müharibələr və münaqişələr doğurur. Bu fonda sülh və əməkdaşlıq şəraitində yaşamaq məharəti dövlətlərin və xalqların özlərini qoruyub saxlamaq və qarşılıqlı fəaliyyət istəyi paradiqmasına əsaslanan baxışları nəzərdə tutur. Bu məqsədə qarşıdurma prinsiplərindənsə, qarşılıqlı fəaliyyət prinsipləri daha səmərəlidir. Xalqımız da ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki