Azərbaycan alternativ enerji layihələrini yalnız daxili istehlak məqsədilə deyil, həm də ixrac potensialının artırılması üçün həyata keçirir
Son illər dünyada enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri prioritet istiqamətlərə çevrilmişdir. Bu kontekstdə Azərbaycan da enerji siyasətində yeni mərhələyə qədəm qoyaraq alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını strateji məqsəd kimi müəyyən etmişdir. Qarşıya qoyulan əsas hədəflərdən biri 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməkdir. Bu məqsəd həm ölkənin daxili enerji balansına, həm də ixrac potensialına mühüm töhfə verəcəkdir.
Azərbaycanın coğrafi mövqeyi və iqlim şəraiti günəş enerjisinin inkişafı üçün əlverişli imkanlar yaradır. Xüsusilə Abşeron yarımadası, Qarabağ və Naxçıvan bölgələri yüksək günəş radiasiyası ilə seçilir.
Bu istiqamətdə artıq mühüm layihələr həyata keçirilmişdir. Onlardan biri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən Qaradağ Günəş Elektrik Stansiyasıdır. Bu layihə alternativ enerji sahəsində beynəlxalq əməkdaşlığın real nəticəsi olmaqla yanaşı, ölkənin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir.
Günəş enerjisinin genişləndirilməsi 2032-ci ilədək planlaşdırılan 6–8 giqavat gücün əhəmiyyətli hissəsini təşkil edəcəkdir. Bu isə həm karbon emissiyalarının azalmasına, həm də təbii qaz ehtiyatlarının daha çox ixraca yönəldilməsinə imkan verəcəkdir.
Azərbaycanın külək enerjisi potensialı xüsusilə Xəzər dənizi akvatoriyasında yüksək qiymətləndirilir. Abşeron və Xızı rayonlarında küləyin orta illik sürəti alternativ enerji layihələri üçün əlverişlidir.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə həyata keçirilən Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi bu istiqamətdə atılmış mühüm addımlardandır. Bundan əlavə, Xəzər dənizində dənizüstü (offshore) külək elektrik stansiyalarının qurulması perspektivləri 2032-ci ilədək planlaşdırılan güc artımında mühüm rol oynaya bilər.
Külək enerjisinin inkişafı ölkənin enerji balansında şaxələndirməni təmin etməklə yanaşı, regionda “yaşıl enerji habı” kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradacaqdır.
İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının bərpası və yenilərinin tikintisi geniş vüsət almışdır. Bu bölgələr “yaşıl enerji zonası” elan edilmişdir.
Azərbaycan alternativ enerji layihələrini yalnız daxili istehlak məqsədilə deyil, həm də ixrac potensialının artırılması üçün həyata keçirir. Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədləri yaşıl enerjinin ixracı istiqamətində yeni imkanlar açır.
Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi gələcəkdə Xəzər regionunda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsinə şərait yarada bilər. Bu isə Azərbaycanın ənənəvi enerji ixracatçısından əlavə olaraq bərpa olunan enerji ixracatçısına çevrilməsi deməkdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal




















