image-qanunla-reklam
image-17544739713901637269_1200x630

Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçdiyini və şəxsi liderlik amilinin mühüm rol oynadığını aydın görmək mümkündür

image-lady-day-az

Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçdiyini və şəxsi liderlik amilinin mühüm rol oynadığını aydın görmək mümkündür

Beynəlxalq əlaqələr bu gün daha çox liderlərin siyasi iradəsi, operativ qərarları və real əməkdaşlıq mexanizmləri üzərində formalaşır. Müasir dövrdə dövlətlərarası münasibətlər statik deyil, dinamik və nəticəyönümlü xarakter daşıyır. Ənənəvi diplomatik formatlar getdikcə daha çevik və praqmatik yanaşmalarla əvəz olunur. Bu baxımdan hazırkı mərhələdə Azərbaycan–ABŞ münasibətləri qarşılıqlı etimada və üst-üstə düşən strateji maraqlara əsaslanan möhkəm tərəfdaşlıq modeli kimi inkişaf edir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralın 10–11-də Azərbaycana səfərini də məhz yeni və çevik diplomatik mərhələnin başlanğıcı, eyni zamanda Vaşinqtonun regiona artan marağının və Bakı ilə strateji əlaqələrinin göstəricisi kimi qiymətləndirirəm.

Vens, 2008-ci ildə bölgəyə səfər etmiş ovaxtkı vitse-prezident Dik Çeynidən sonra Bakıya gələn ilk ABŞ yüksəkrütbəli rəsmisi oldu. Onun münaqişə və siyasi gərginlik mərhələsindən hüquqi-diplomatik müstəviyə keçidi təmin etmiş Azərbaycana səfəri ölkəmizin artan beynəlxalq çəkisinin açıq nümayişidir. Məncə, bu səfər sırf protokol xarakterli deyil, iki ölkə arasında yüksəksəviyyəli etimadın və birbaşa liderlik dialoqunun real nəticəsidir.

ABŞ vitse-prezidentinin səfəri sülh prosesinə dəstək baxımından da xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Sənədə uyğun olaraq, tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın miqyasını genişləndirməyi, o cümlədən müdafiə sənayesi məhsullarının satışı istiqamətində imkanları artırmağı planlaşdırırlar. Terrorizmə qarşı birgə mübarizə və antiterror əməkdaşlığının dərinləşdirilməsi də prioritet istiqamətlərdəndir.

Bununla yanaşı, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması sahəsində bacarıqların artırılması, texniki və institusional imkanların gücləndirilməsi nəzərdə tutulur. Mina və partlayıcı maddələrlə çirklənmiş ərazilərin yaratdığı problemlər nəzərə alınaraq humanitar minatəmizləmə sahəsində maliyyə dəstəyi və texnologiya transferi yolu ilə əməkdaşlığın genişləndirilməsi də xüsusi vurğulanır. Bu, həm humanitar, həm də təhlükəsizlik baxımından mühüm addımdır.

İmzalanmış sənəddə Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz üzrə əməkdaşlıq ayrıca yer tutur. Mən hesab edirəm ki, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantılarının genişləndirilməsi, ticarət və tranzit imkanlarının artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi regional bağlantıların güclənməsinə ciddi təkan verəcək. Multimodal logistika və əlaqəli sahələrdə birgə fəaliyyət regionun iqtisadi xəritəsini daha da canlandıracaq.

Sənəddə, həmçinin Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək multimodal layihə kimi TRIPP marşrutunun əhəmiyyəti qeyd olunur. Bu təşəbbüsün regionun beynəlxalq ticarət və tranzit potensialının reallaşmasına xidmət edəcəyini düşünürəm.

Ümumilikdə, Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçdiyini və bu prosesdə şəxsi liderlik amilinin mühüm rol oynadığını aydın görmək mümkündür.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki