Azərbaycan–ABŞ münasibətləri müstəqillik tariximiz ərzində heç vaxt indiki qədər yaxın və intensiv olmayıb
Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərə toxunaraq Azərbaycana göstərilən çox müsbət münasibətə görə Tramp–Vens administrasiyasına minnətdarlığını əbəs yerə bildirmədi. Çünki onların dəstəyi sayəsində Azərbaycan–ABŞ münasibətləri strateji əməkdaşlıq səviyyəsində yeni mərhələyə qədəm qoydu, regional sülh və inteqrasiyaya mühüm töhfələr verdi. Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə inkişaf edən əlaqələrin davamı kimi yadda qaldı.
Prezident Əliyevin qeyd etdiyi kimi Trampla Vaşinqtonda keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması iki ölkə arasındakı əməkdaşlıq üçün yeni imkanlar açdı. Bu mərhələ Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurmağın, regional sülh prosesinə töhfə verməyin və iqtisadi inteqrasiyanı təşviq etməyin vacibliyini göstərdi. Prezident çıxışında Tramp–Vens administrasiyasının Qafqazda sülhə verdiyi töhfəni də xüsusi vurğuladı. Ermənistan–Azərbaycan sülh prosesində ABŞ-ın rolunu qeyd edərək TRIPP layihəsi vasitəsilə regionda nəqliyyat və iqtisadi inteqrasiyanın əsas diqqət mərkəzinə gətirildiyini bildirdi. Eyni zamanda enerji, müdafiə və süni intellekt sahələrində əməkdaşlıq perspektivlərindən danışaraq Azərbaycan–ABŞ münasibətlərinin çoxşaxəli, strateji və uzunmüddətli xarakter aldığını bəyan etdi.
Azərbaycanın xarici siyasət kursunda Birləşmiş Ştatlarla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfə verən antiterror tədbirlərində ABŞ-yə verdiyi ardıcıl dəstək ikitərəfli münasibətlərin dinamik inkişafını daha da sürətləndirdi. Təəssüf ki, Bayden administrasiyasının ziddiyyətli və riyakar siyasəti müəyyən dövrlərdə iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərdi. Bununla belə ötən il liderlər Donald Tramp və İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasları formalaşmağa başladı. Birləşmiş Ştatların vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri bu baxımdan münasibətlərin yeni dövrünün mühüm anonsu kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və bu görüşlərin fonunda hökumətlərarası Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gələcək əməkdaşlığın daha da dərinləşəcəyinə dair ciddi siyasi iradəni ortaya qoydu.
Birləşmiş Ştatların vitse-prezidentinin ölkəmizə səfəri, keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri yalnız siyasi əlaqələrlə məhdudlaşmır. Siyasi dialoqdan iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlığa qədər bütün sahələrdə inkişaf edən bu münasibətlər regionda stabilliyi və sülhü gücləndirən, tərəflərin uzunmüddətli strateji maraqlarını təmin edən əsas amillərdən birinə çevrilib. Şübhəsiz ki, ölkəmizin xarici siyasət kursu, Tramp administrasiyasının konstruktiv mövqeyi və xüsusilə Prezident İlham Əliyevin qlobal liderliyi Azərbaycan–ABŞ münasibətlərinin inkişafında mühüm rol oynayır və əlaqələrin daha strateji səviyyəyə yüksəlməsinə zəmin yaradır. Cənab vitse-prezidentin əminliklə bəyan etdiyi kimi böyük təşəkkürə layiq Prezident İlham Əliyev və Prezident Trampın rəhbərliyi ilə ölkələrimiz arasında daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Bu isə regionda sülhün və əmin-amanlığın zəmanətidir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru


























