image-qanunla-reklam
image-1772522801_d15a63f0a957f8f53e08a1e272db9ca3

Avropada enerji təhlükəsizliyinə artan tələbat və alternativ mənbələrin hələ tam formalaşmaması Azərbaycanın rolunu daha da vacib edir

image-lady-day-az

Avropada enerji təhlükəsizliyinə artan tələbat və alternativ mənbələrin hələ tam formalaşmaması Azərbaycanın rolunu daha da vacib edir

 

Martın 3-də Bakı Konqres Mərkəzi-ndə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu strateji mövqenin növbəti dəfə təsdiqi oldu. Tədbirdə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, 49 enerji şirkəti, eləcə də bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Bu geniş təmsilçilik Cənub Qaz Dəhlizinin və ümumilikdə Azərbaycanın təşəbbüslərinin qlobal miqyasda artan əhəmiyyətini açıq şəkildə nümayiş etdirir.

Məşvərət Şurası çərçivəsində Azərbaycan–Avropa İttifaqı Yaşıl Bağlantı üzrə investisiya dəyirmi masasının təşkili isə enerji əməkdaşlığının artıq yalnız qaz sektoru ilə məhdudlaşmadığını, paralel şəkildə yaşıl enerji və dayanıqlı inkişaf istiqamətində də dərinləşdiyini göstərir. Bu platforma Azərbaycan ilə Avropa arasında uzunmüddətli və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

İclasda geniş və məzmunlu çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı artıq 16-ya çatıb. Dövlət başçısının qeyd etdiyi kimi, son illər ərzində ixrac coğrafiyasının genişlənməsi nəticəsində Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerə yüksəlib. Bu fakt Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticəsi olmaqla yanaşı, ölkəmizin etibarlı və məsuliyyətli tərəfdaş imicinin möhkəmləndiyini göstərir.

Prezident İlham Əliyev çıxışında Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün həyata keçirildiyini də diqqətə çatdırıb. Bu təşəbbüs təkcə iqtisadi layihə deyil, eyni zamanda humanitar və sosial məsuliyyət addımı kimi qiymətləndirilməlidir. Elektrik enerjisinin dayanıqlı təminatı əhalinin rifahının yaxşılaşdırılması, sosial sabitliyin möhkəmləndirilməsi və biznes mühitinin canlanması üçün əsas şərtlərdən biridir. Enerji təminatı olmadan sənaye, xidmət sektoru və infrastruktur layihələrinin inkişafı mümkün deyil. Bu baxımdan Azərbaycanın təşəbbüsü həm regionda sabitliyə töhfə verir, həm də ölkəmizin beynəlxalq nüfuzunu artırır.

Eyni zamanda, artan ixrac həcmləri yeni infrastruktur layihələrinin və mövcud boru kəmərlərinin genişləndirilməsini zəruri edir. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, Avropada enerji təhlükəsizliyinə artan tələbat və alternativ mənbələrin hələ tam formalaşmaması Azərbaycanın rolunu daha da vacib edir. Ölkəmiz yalnız resurs sahibi kimi deyil, həm də enerji marşrutlarının təşəbbüskarı və təhlükəsiz təchizatın təminatçısı kimi çıxış edir. Keçirilən iclas bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq enerji gündəliyində aparıcı mövqeyə malikdir və enerji təhlükəsizliyinin təmin olunmasında strateji aktor kimi çıxış edir.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki