Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmişdir
Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır.
Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olmuşdur.
Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və əlavə edildi.
Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi. Son illər sürətli və dinamik inkişaf yolu keçən, tarixi nailiyyətlər əldə edən Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkiləri çox mühüm tarixi məqamları ilə yadda qaldı.
Ölkəmizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində 2024-cü ildə Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirildi, əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi qüdrəti artırıldı. Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri daha da sürətləndirildi. Zəngilana, Füzuliyə, Laçına, Şuşaya və Xocalıya keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin olunması istiqamətində işlər uğurla davam etdirildi. Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlarda insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər davam etdirildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


















