“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı ölkəmizin müasir tarixində prioritet istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində atılan ən önəmli addımlardan biri də “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasıdır. Bu mühüm layihə həm Cəbrayıl rayonunun, həm də ümumilikdə regionun sosial-iqtisadi inkişafına ciddi təkan verməyi hədəfləyir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilmiş və parkın idarə olunması İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə olunmuşdur. Sənaye parkının əsas fəaliyyət istiqamətləri geniş və çoxşaxəlidir. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük məntəqəsi, yanacaqdoldurma stansiyaları, eləcə də avtomobil və digər texnikaların təmiri xidmətləri nəzərdə tutulur. Bu infrastruktur Cəbrayılı nəqliyyat-logistika baxımından strateji mərkəzə çevirməyə imkan verəcək. Ümumi sahəsi 200 hektar olan bu iri layihə artıq real nəticələr verməkdədir. “Araz Vadisi İqtisadi Zonası” təkcə Cəbrayıl üçün deyil, bütün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları üçün inkişaf, məşğulluq və iqtisadi dirçəlişin mərkəzinə çevrilməkdədir.
Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində Cəbrayıl yeni dövrə qədəm qoyur. Prezident cənab İlham Əliyevin tapşırığı ilə Cəbrayıla köç prosesi artıq intensiv şəkildə davam edir. Azərbaycan dövləti bu əraziləri ağıllı kənd və şəhər modeli əsasında yenidən qurur. Bütün bu işlər tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cəbrayılın gələcəyinin müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz bir şəhər olaraq formalaşmasına xidmət edir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri