image-qanunla-reklam
image-media-1752743397_facebook_creation_1759a0db-166b-4333-889b-7818072d07bb-14tmkiwxlhczaubns8yj

Anadilli mətbuat

image-lady-day-az

Anadilli mətbuat.

Anadilli mətbuatımızın 150 yaşı tamam olur. 1875-ci il iyulun 22-də böyük maarifçi-demokrat Həsən bəy Məlikov Zərdabinin inadlı mübarizəsinin nəticəsi olaraq ilk milli qəzetimiz olan “Əkinçi”nin birinci sayı işıq üzü görmüşdü. Millət fədaisinin həyat yoldaşı və silahdaşı Hənifə xanım Məlikova – Abayeva sonralar qələmə aldığı xatiratında həmin günü belə təsvir etmişdi: “Həsən bəy texniki səbəblərə görə qəzetin pis çıxacağından qorxurdu. Lakin bu kiçik qəzet təmiz çıxanda Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, əlində qəzet çox həyəcanlı halda evə gəlmişdi. Onun həyatının ən xoşbəxt bir günü idi. Qəzet bütün Rusiya müsəlmanlarını hərəkətə gətirdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminə yayıldı. Yatmış müsəlman aləmini hərəkətə gətirmək üçün heç nə – məktəb və teatr da bu cür təsir edə bilməzdi”.

Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərib.

Milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mətbuat böyük xidmətlər göstərib. Məhz “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar.

Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə mümkün olub. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb. Həmçinin mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Bu gün göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranıb. Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Sözsüz ki, ölkəmizin tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki