image-qanunla-reklam
image-media-1683358771_4186_1623406766-cf6s2iy0v4kuwpmoq9ab

Ana dilimizi qorumaq – milli kimliyimizi, milli dövlətçiliyimizi qorumaq deməkdir

image-lady-day-az

Ana dilimizi qorumaq – milli kimliyimizi, milli dövlətçiliyimizi qorumaq deməkdir

Azərbaycan dilinin müasir dövrdə qorunması, inkişafı və geniş istifadəsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla Azərbaycan dilinin elektron mühitdə işlənməsi, orfoqrafiya və terminologiya sahəsində elmi araşdırmaların genişləndirilməsi, ədəbi dilin norma və qaydalarının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür.

Azərbaycan dili əsrlər boyu böyük bir sivilizasiyanın, zəngin ədəbi-bədii irsin və mədəniyyətin daşıyıcısı olmuşdur. Nizami Gəncəvi, Füzuli, Nəsimi, Vaqif, Sabir, Mirzə Cəlil kimi dahilərin yaratdığı ədəbi irs ana dilimizin bədii-estetik gücünü və ifadə zənginliyini dünyaya tanıtmışdır. Müasir dövrdə isə dilimiz dövlət dili statusu qazanaraq, elm, təhsil, mədəniyyət, ədəbiyyat, KİV və beynəlxalq münasibətlər sahəsində geniş şəkildə istifadə olunur.

Azərbaycan dilinin nüfuzunun artması təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan milyonlarla soydaşımız arasında milli həmrəyliyin, birliyin əsas rəmzinə çevrilib. Bu mənada Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dili bizi bir millət kimi birləşdirən, dünyada tanıdan mənəvi sütundur.

Qloballaşma şəraitində informasiya axınlarının artması, texnologiyaların sürətli inkişafı və xarici dillərin təsir imkanlarının genişlənməsi Azərbaycan dilinin saflığının qorunmasını daha da aktual edir. Bu baxımdan Prezident İlham Əliyevin çağırışı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti üçün istiqamətverici xarakter daşıyır.

Azərbaycan dili xalqımızın mənəvi dünyasının, milli kimliyinin və dövlət müstəqilliyinin ən möhkəm dayaqlarından biridir. Bu dil əsrlərin sınağından çıxaraq, minilliklərin dərin qatlarından bu günə qədər saf və zəngin şəkildə gəlib çatmış, hər mərhələdə xalqımızın mədəni, ədəbi və elmi inkişafına xidmət etmişdir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil – o, xalqın ruhunu, tarixini, dünyagörüşünü və milli varlığını özündə yaşadan müqəddəs irsdir.

Ana dilimizi qorumaq – milli kimliyimizi, milli dövlətçiliyimizi qorumaq deməkdir. Çünki dil millətin varlığını təsdiq edən ən əsas atributdur. Xalq dil vasitəsilə öz düşüncəsini, ideallarını və mənəvi dəyərlərini ifadə edir. Ona görə də Azərbaycan dövləti dil siyasətini milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi həyata keçirir.

Dilin saflığı və zənginliyinin qorunması həm də xalqımızın mədəni müstəqilliyinin əsas göstəricisidir. Xarici təsirlərin artdığı, texnoloji və qlobal proseslərin genişləndiyi bir dövrdə Azərbaycan dilinin qorunması milli təhlükəsizliyin və ideoloji sabitliyin bir hissəsidir. Çünki dilini qoruyan xalq öz kimliyini və gələcəyini qoruyur.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki