Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir.
Bu günlərdə Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri yazılır-Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin səriştəli rəhbərliyi altında, müdrik dühası ilə, həm də dünyanın baş şəhəri sayılan Vaşinqtonda! Bir neçə gün öncə bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi hamımızı ürəkdən sevindirdi. Bu gün bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Prezident cənab İlham Əliyev Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mediayaya verdiyi müsahibəsində keçirilən görüşləri yüksək dəyərləndirir, tarixi hadisə hesab edir: “Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.
Əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti ona görə böyükdür ki, xalqımızın 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrinin məntiqi davamı nəhayət ki, sülh, barışla sonlandırıldı.
Ölkə başçımızın ABŞ səfəri bir çox diplomatik uğurlarla yaddaqalan oldu. Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanmasının özü böyük diplomatik qələbədir.
İki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması da səfərin uğurlu nəticələrindəndir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova