Almaniya ordusunun – Bundesverin general-mayoru Kristian Freydinq Rusiya aerodromlarına və hərbi infrastrukturuna zərbələr endirməyi təklif edib. Musavat.com xəbər verir ki, o, bunu Almaniya Silahlı Qüvvələrinin rəsmi YouTube kanalının efirində deyib.
Freydinq bildirib ki, bu, hava münaqişəsində Ukraynanın mövqeyini gücləndirmək üçün vacibdir: “Rusiya silahlı qüvvələrinin hücum potensialının heç üzə çıxmamasına dolayısı ilə təsir göstərmək olar. İmkan bundan ibarətdir ki, aerodromları bombalamaqla Rusiyanın uzaqmənzilli zərbə potensialını işə salınmazdan öncə məhv edək”.
Onun sözlərinə görə, aerodromlarla yanaşı, Rusiya hərbi-sənaye kompleksinin müəssisələri də hədəfə çevrilə bilər. O, Moskvanın raket istehsalında əhəmiyyətli irəliləyiş əldə etdiyini etiraf edib və Rusiyanın hərbi-sənaye kompleksinin artımını məhdudlaşdırmaq üçün rıçaqların tapılmasının vacibliyini bəyan edib.
Freydinq onu da vurğulayıb ki, cəbhədəki vəziyyət Ukrayna üçün ağır olaraq qalır: Rusiya qoşunları artıq “bir neçə aydır” təşəbbüsü əlində saxlayır, Ukrayna ordusunun havada, xüsusən də böyük şəhərlərdə vəziyyəti pisləşib.
Daha əvvəl general Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Kiyevi uzaqmənzilli raket sistemləri ilə təmin etməyin zəruriliyini bəyan edib və bu cür silahların alınması üçün Almaniyadan maliyyə dəstəyi elan edib.
Musavat.com