Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir
Zəngilan azad edildikdən sonra Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də rayona ilk dəfə səfər edərək, orada şanlı Azərbaycan bayrağını ucaltmışdır. Bu günə qədər isə cənab Prezidentin rayona 12 dəfə səfəri baş tutmuşdur.
Zəngilan həm də Böyük Qayıdışın da başlanğıcı olan ünvandır. Torpaqlarımız azad edildikdən sonra ilk yeni yaşayış kompleksi bu rayonun ərazisində qoyulub. Dövlət başçısı 2021-ci il aprelin 26-da Ağalı kəndinə gələrək 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymaqla Zəngilanda və azad ərazilərdə məskunlaşma missiyasına başlayıb. Həmin gün, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlləri qoyulub.
Zəngilan rayonu coğrafi-inzibati ərazi kimi Azərbaycanın nəqliyyat-tranzit strategiyasında da xüsusi yer tutur. 2021-ci il oktyabrın 26-da təməli qoyulan-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə Zəngəzur dəhlizinin ən mühüm qovşağı olmaqla regionun həyatında yeni bir siyasi-iqtisadi hadisənin başlanması kimi yadda qaldı.
2022-ci il mayın 27-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, keçmiş məcburi köçkünlər üçün ilk yaşayış kompleksi- Ağalıdakı “ağıllı kəndi” inşa edilərək istifadəyə verilib. Həmin il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb və bununla da 30 ildən sonra ilk məskunlaşma start götürüb.
Ağalıda “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin, “Kapital Bank”ın Zəngilan filialının, “Gillmed” tikiş fabrikinin, ailə sağlamlıq mərkəzinin, uşaq bağçası və kənd orta məktəbinin, eləcə də digər inzibati və ictimai obyektlərin fəaliyyətə başlaması kənd sakinlərinə sosial təminat və dayanıqlı məşğulluğunun təmin edilməsində mühüm rol oynayıb.
“Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir.
Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 (üç) hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilmişdir. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri quraşdırılmışdır.
İsidilmə xərclərinin və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, quraşdırılıb. Suyun isidilməsi üçün isə yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41.000 m³ texniki su əldə ediləcəkdir.
Ağıllı kənddə evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilmişdir. İzolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılmışdır.
Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilmişdir.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva