ABŞ Senatındakı bir sıra demokratlar İranın nüvə obyektlərinin məhv edilməsinə şübhə ilə yanaşırlar.
Qanunla/az xəbər verir ki, senator Kris Mörfi İranın nüvə obyektlərinin məhv edilmədiyini iddia edib.
“Biz bu proqramı məhv etməmişik. Prezident (Donald Tramp) bu proqramın məhv edildiyini deyəndə qəsdən ictimaiyyəti çaşdırır. Heç bir şübhə yoxdur ki, hələ də əhəmiyyətli imkanlar və avadanlıqlar mövcuddur. İranda hələ də sentrifuqaları (uranı zənginləşdirmək üçün) necə işlətməyi bilən insanlar var. Əgər onlar hələ də uranı zənginləşdirirlərsə, hələ də sentrifuqaları işlədə bilirlərsə, deməli, onların proqramı illərlə yox, aylarla geri atılıb”, – Mörfi bildirib.
Konqresin yuxarı palatasının üzvü Mark Uorner də həmkarı ilə eyni fikirdədir:
“Bəllidir ki, İranın nüvə proqramı zədələnib. Amma bu zərərin nə qədər olduğuna dair yekun qiymətləndirmələri əldə etmək üçün vaxt lazımdır”.
Senator qeyd edib ki, Tramp administrasiyasının İranı nüvə silahı yaratmaq imkanından məhrum etmək barədə bəyanatları amerikalılar üçün yanlış rahatlıq hissi yaradır.
Senator Riçard Blumental İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini əminliklə söyləmək üçün hələ tez olduğunu bildirib: “Fakt budur ki, biz bilmirik. Dəqiq bildiyini söyləyən hər kəs bunu uydurur, çünki biz hələ müharibənin nəticələrinin yekun qiymətləndirilməsini almamışıq”.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb.