image-qanunla-reklam
image-16558038933560256332_1000x669

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

image-lady-day-az

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır.

 Məlum olduğu kimi, Azərbaycan türk dövlətləri ilə, o cümlədən də Özbəkistanla əməkdaşlığa xüsusi önəm verir və bu əməkdaşlıq xüsusilə fərqlənir. İyunun 21-də Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri də məhz bu birliyin möhkəmləndirilməsinə xidmət edən səfərlərdəndir. Səfər zamanı səslənən fikirlər və iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi. Bu da ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyan etdiyi kimi bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Özbəkistanın Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır.

Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. İki ölkə arasında 20-dək sənəd imzalandı. Hər bir sənəd özlüyündə gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” özündə bütün məqamları ehtiva edir. Sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub.

İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin, hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Bu günədək iki ölkə arasında 135 sənəd imzalanıb. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür.

İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur[1].1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İnanırıq ki, iki ölkə arasında bu və bu kimi əlaqələrimiz gələcəkdə daha da inkişaf etdiriləcək və ən yüksək səviyyəyə çatdırılacaq.

 

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi

Turanə Həsənli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki