9 noyabr-Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur.
9-noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayrağı Günü Prezident cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımızın tarixinə qısaca nəzər salaq. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdə elan olunduqdan sonra qısa zamanda dövlətin atributları da təsis edildi. Amma bu gün hamımızın tanıdığı üçrəngli Bayraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli bayrağı olmayıb. Cümhuriyyətin ilk bayrağı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq olub. Belə ki, Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 21 iyunda hökumət qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul etdi. Əslində bu, Osmanlının əski bayraqlarından biri idi və təbii ki, Qafqaz İslam Ordusunun əhval-ruhiyyəsinə uyğun idi. Azərbaycanın ilk bayraqlarının Osmanlı bayraqları ilə oxşar olması təsadüfi deyildi. Belə ki, AXC Təriq və Məabir Nəzarətinin (Yollar Nazirliyinin) gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edilmişdi. Bütün bunlar Azərbaycanda Qafqaz İslam Ordusunun, dolayısı ilə Osmanlının açıq təsiri ilə bağlıdır. Lakin I Dünya müharibəsində Osmanlının məğlubiyyəti onun Azərbaycandakı bayrağının da məğlubiyyəti ilə nəticələndi. İngilislərin nəzarəti altına keçən Azərbaycanda ingilislərin təzyiqi ilə Osmanlı bayrağı yeni bayraqla əvəzləndi. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayrağın rəngləri həmin dönəmdə Azərbaycanda və Osmanlıda hakim olan türkləşmək, müasirləşmək, islamlaşmaq düsturunun əksi idi. Bu düsturun müəllifi isə Azərbaycanın tanınmış publisisti, fikir adamı Əli bəy Hüseynzadə olub. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng çağdaşlığı, modernləşməni, yaşıl rəng isə İslam dininə mənsubluğu ifadə edir. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara və ulduzun Bizansdan Osmanlıya, Osmanlıdan bizə keçdiyi barədə də iddialar var. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbəsi ilə başa çatdı. 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan Azərbaycanın Dövlət Bayrağını düşmən işğalından azad edilmiş şəhər və rayonlarında ucaltdı. Bu gün Dövlət Bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla, əzəmətlə dalğalanır.
Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.





















