image-qanunla-reklam
image-media-bakues_9a04b8523c4c5a43ff6ab65ff65280a8_1up9g63afmsvezni54tr-768x403-ahpc09wny5fktusi1xeq

“8 Noyabr” stansiyasının yaradılması ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək

image-lady-day-az

“8 Noyabr” stansiyasının yaradılması ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ilə Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilən Mingəçevirdə bu gün istismara verilən “8 Noyabr” Stansiyasının fəaliyyəti bir çox məqsədləri təmin edəcək və həm də milli təhlükəsizliyimizi daha da gücləndirəcək. Prezident İlham Əliyev öz çıxışında tamamilə haqlı olaraq qeyd etdi ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Dövlətimizin başçısı onu da vurğuladı ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır.

Hazırda dünyanın bir çox bölgələrində, o cümlədən Avropa məkanında da enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığı hər kəsə məlumdur. Biz də bu təhlükəli mərhələdən keçmişik. Prezidentin vurğuladığı kimi biz müharibə nədir, yaxşı bilirik: “Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.

Həmçinin Xocalı soyqırımını törədən, işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistanın hərbi cinayətkar dövlət olduğunu qeyd edən dövlətimizin başçısı, 44 günlük İkinci Qarabağ müharibəsinin bizim Zəfərimizlə başa çatmasından sonra bu gün beş ildir ki, sülh şəraitində yaşadığımızı və ölkəmizin sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanındığını açılış mərasiminin iştirakçılarının diqqətinə çatdırdı”.

Cənab Prezident, həmçinin öz çıxışında bu gün açılışı uğurla həyata keçirilən stansiyanın adının seçilməsi məsələsinə də toxundu:

“Belə ki, dövlətimizin başçısı təklif edilən variantlar arasında məhz “8 Noyabr” adını seçdiyini bildirdi: “Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”.

Biz də Prezidentimizin bu inamına qoşularaq, bu gün açılışı gerçəkləşən enerji nəhəngimizə – “8 Noyabr” Elektrik Stansiyasına “xeyirli-uğurlu olsun” deyirik. Böyük Zəfərimizin adını daşıyan bu yeni elektrik stansiyasının açılışı ən yeni tariximizə qızıl hərflərlə yazılacaq və bu stansiya enerji təhlükəsizliyimizin möhkəmləndirilməsinə mühüm rol oynayacaq, ölkəmizin iqtisadi qüdrətinin artmasına uğurla xidmət edəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki