“8 Noyabr” Elektrik Stansiyası dövlətimizin enerji müstəqilliyini və ixrac gücünü artırmaqla yanaşı, texnoloji və mühəndislik bacarığının da göstəricisidir.
İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika tarixinin mühüm hadisələrindəndir. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bərpaolunan enerji resurslarından daha səmərəli istifadə və ölkəmizin beynəlxalq enerji bazarlarında mövqeyinin güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Dünya miqyasında enerji infrastrukturlarına edilən hücumların, siyasi qeyri-sabitliyin və münaqişələrin fonunda Azərbaycanın bu sahədə sabitlik və inkişafı təmin etməsi strateji əhəmiyyət daşıyır. Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Mingəçeviri bombalamaqla Azərbaycanın enerji infrastrukturlarını hədəf almış, lakin buna nail ola bilməmişdir. Bu gün həmin ərazilərdə ən müasir və güclü enerji obyektlərinin inşası düşmənə verilmiş strateji cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə: “Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur”.
Stansiyanın “8 Noyabr” adlandırılması da simvolik məna daşıyır, bu tarix – 8 Noyabr 2020-ci il xalqımızın şanlı Zəfər Günüdür. Məhz həmin gün Şuşa şəhərinin azad olunması ilə İkinci Qarabağ müharibəsində strateji üstünlük əldə olunmuş və bu savaş Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Prezident İlham Əliyev stansiyanın adının seçimində bu simvolikliyi vurğulamış, “Zəfər xalqımıza, dövlətimizə yaraşır” ifadəsi ilə bu layihənin milli qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır.
“8 Noyabr” Elektrik Stansiyası dövlətimizin enerji müstəqilliyini və ixrac gücünü artırmaqla yanaşı, texnoloji və mühəndislik bacarığının da göstəricisidir. Bu layihə düşünülmüş və sistemli siyasətin nəticəsidir. Azərbaycanın milli maraqlarını qoruyan, iqtisadi dayanıqlılığını gücləndirən və qlobal enerji bazarlarında aparıcı rola malik bir dövlət kimi irəliləməsinin ən parlaq nəticələrindən biri məhz bu stansiyadır. “8 Noyabr” adı bu stansiyanın yalnız texniki gücünü deyil, həm də xalqın iradəsini və tarixi Zəfərini özündə əks etdirir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc