image-qanunla-reklam
image-media-media-1686773346-heyderaliyev-k6i815xahqlm30ofbj9u-vgpw4rc8zx3o9mkq20fi

Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır

image-lady-day-az

“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”.Sözünə davam edərək Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”.

Heydər Əliyev Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

“Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.”

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Bunun davamı olaraq, 1995-ci il aprelin 12-də Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Türkiyənin neft konsorsiumundakı 1,75 faizlik payının Azərbaycan neft payının hesabına 6,75 faizə qədər artırılması haqqında müqavilənin imzalanması iki dövlət arasındakı münasibətlərin ən real göstəricisi olaraq həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. İki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Belə ki, 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti S.Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Birgə Bəyanatda beynəlxalq əlaqələrdə BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının və qlobal problemlərin həlli yollarının araşdırılmasına daha fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, bir daha Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbi öz əksini tapdı. Bundan əlavə, iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. 1996-cı il aprelin 14-15-də Türkiyə Respublikasının Baş Naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı “Azərbaycan-Türkiyə birgə bəyanatı” imzalandı. Bununla yanaşı, 1996-cı il ərzində iki ölkə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsini daha da genişləndirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri zamanı keçirilən bütün görüşlərdə ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini göstərdi. Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə”, eləcə də iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri əhatə edən ümumilikdə 9 sənəd imzalandı.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova  

 

 

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyə ilə Azərbaycan arasında dostluq- qardaşlıq münasibətləri uğurla inkişaf edərək elə bir həddə çatmışdır ki, bu dostluq-qardaşlıq bütün sahələrdə özünü göstərdi və gözəl nəticələr verdi. Türkiyə – Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.  Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş,  sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi “bir millət, iki dövlət” olmuşlar. Eyni fikri Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar. Türkiyə-Azərbaycan arasındakı dostluq – qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Biz bu sarsılmaz qardaşlığa 44 günlük Qarabağ müharibəsində, Türkiyədə baş verən güclü zəlzələdən sonrakı zamanlarda və bir neçə gün bundan öncə Qarabağdan lokal xarakterli antiterrorəməliyyatları zamanı gördük və şahidi olduq. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir.

Beynəlxalq platformalarda daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. İki dost-qardaş ölkə arasındakı əlaqələr bir-birinə sıx tellərlə bağlıdır. Türkiyə – Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Ehtiram Osmanov

 

 

“Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlər haqqında”

XX əsrin sonlarında Sovet İttifaqının süquta uğraması və müasir dünya düzəninin formalaşmağa, beynəlxalq arenada yeni münasibətlərin təşəkkül tapmağa başladığı bir dövrdə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoydu. Ciddi   təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmış xalqımız ağır sınaqları arxada qoyaraq aydın gələcəyə doğru inamla addımlamağı bacardı. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi liderin mövcudluğu olub. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Ötən əsrin sonlarında qlobal liderlik uğrunda gedən mübarizənin mümkün nəticələrini proqnozlaşdıraraq öz dövlətinin beynəlxalq münasibətlər zəncirinin təhlükəsiz, eyni zamanda, təsirli həlqələrindən birinə çevrilməsini təmin etmək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixində müstəsna xidmətidir. Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

“Türk xalqları insanlığın min illər boyu yaratdığı sivilizasiyaya əvəzsiz, tarixi töhfələr veriblər. Demokratizm, haqq-ədalətə sonsuz inam, milli, dini, irqi ayrı-seçkiliyə qarşı barışmazlıq, vətənpərvərlik və sülhsevərlik xalqlarımızın səciyyəvi cəhətləridir. Çətin mübarizə yollarında və saysız-hesabsız şəhid qanları hesabına qazandığımız azadlığımızın, müstəqilliyimizin əbədi olmasında, milli dövlət quruculuğunun dönməz xarakter almasında biz məhz belə bəşəri dəyərlərə istinad edirik.”

Türk dünyasının birliyinin möhkəmlənməsi və onun beynəlxalq aləmdə güclü siyasi mövqeyə malik olması üçün bütün imkanlar vardır. Son illər türkdilli dövlətlərin iqtisadi, beynəlxalq aləmə inteqrasiyası, ölkələr arasındakı əməkdaşlığı, Azərbaycanın həyata keçirdiyi, Türkiyənin də iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, neft qaz layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bunlar türkdilli dövlətlərin iqtisadi imkanlarını daha da möhkəmləndirir.Əlbəttə, türk dünyası birliyinin əsasının qoyulması və möhkəmləndirilməsində ən mühüm amil türkdilli xalqların ümumi tarixi kökü, dili, mədənityəti və milli-mənəvi dəyərlər olsa da, dövlət başçılarının siyasi iradəsi unudulmamalıdır. Dünyanın bir sıra problemlərlə üzləşdiyi, soyuq müharibədən sonra yeni ictimai-siyasi vəziyyət yarandığı, ayrı-ayrı bölgələrdə münaqişələrin davam etdiyi bir vaxtda türkdilli dövlətlərin dünyada gedən proseslərdə fəal iştirakının böyük əhəmiyyəti vardır. Bütün bu proseslərdə iştirak, mövcud potensialdan səmərəli istifadə üçün düzgün siyasi strategiya formalaşmalıdır. Bundan ötrü, Azərbaycan Prezidentinin dediyi kimi, “Biz türk dünyasını daha da mütəşəkkil şəkildə birləşdirməliyik və türk dünyasında gedən proseslərə biganə qalmamalıyıq. Daim bir-birimizə dəstək olmalıyıq, bir-birimizin problemlərinin həllində iştirak etməliyik”. Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləş­məsi prosesində aparıcı rola ma­lik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın for­malaşmasını gerçəkləşdirir. Bu, respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətlərində özünü aydın nəzərə çarpdırır. Azərbaycanın yerləşdiyi coğrafi məkan geosiyasi, iqtisadi və strateji baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyətli rol oynayır. Yəni, ölkəmizlə əməkdaşlıqda, səylərin birləşdirilməsində, təcrübə mübadiləsində maraqlı olan dövlətlərin, şirkətlərin sayı artmaqda, Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən ölkə olaraq mövqeyini möhkəmləndirməkdədir. Gerçəkləşən layihələr, atılan addımlar, eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi də möhkəmlənən mövqeyinə işıq salır.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Ehtiram Osmanov

 

 

“Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər.”

Ulu öndər Heydər Əliyevin  dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək  tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.  Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.

Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə deyilən tematik sitatların bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm:

– “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” –

Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışından (21 may 1994-cü il);

– “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər.” –

Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda nitqindən (Buxarest, 1 iyul 1995-ci il);

– “Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir.” –

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki